Fransanın “MEDEF International” təşkilatının baş icraçı
direktoru Filip Qotyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə
İqtisadiyyat Nazirliyində görüş keçirilib.
İqtisadiyyat Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin Fransa ilə iqtisadi,
humanitar və mədəniyyət sahələrində əməkdaşlığını qeyd edib, “MEDEF
International” təşkilatının iki ölkənin biznes dairələri arasında
işgüzar əlaqələrin inkişafında rolunu vurğulayıb. Bildirilib ki,
iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən Fransa şirkətləri
Azərbaycanda fəaliyyət göstərir, bir sıra infrastruktur
layihələrinin reallaşmasında podratçı kimi iştirak edirlər. Fransa
nümayəndə heyətinə həmçinin, ölkəmizin iqtisadi inkişafının əsas
prioritetləri və Azərbaycan İnvestisiya Holdinqinin dövlət
şirkətləri ilə bağlı həyata keçiridiyi islahatlar, tətbiq edilən
müasir korporativ idarəetmə metodları barədə məlumat verilib.
Fransanın “MEDEF İnternational” təşkilatının baş icraçı
direktoru Filip Qotye Azərbaycanda keçirdikləri görüşləri müsbət
qiymətləndirib, təmsil etdiyi qurumla əməkdaşlığın postpandemiya
dövründə də davam etdirilməsinin önəmini qeyd edib. Filip Qotye
Azərbaycanın regionda etibarlı tərəfdaş olduğunu vurğulayıb, “MEDEF
International”ın Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi
Agentliyi – AZPROMO ilə səmərəli əməkdaşlığı davam etdirəcəyini
bildirib.
Fransanın Azərbaycandakı səfiri Zakari Qros Fransanın biznes
dairələrinin geniştərkibli nümayəndə heyətinin ölkəmizdəki
görüşlərinin Azərbaycanın işgüzar dairələri ilə əlaqələrin inkişafı
baxımından əhəmiyyətini diqqətə çatdırıb. Azərbaycanın Avropa
şirkətləri, eləcə də fransalı iş adamları üçün dayanıqlı və
təhlükəsiz biznes mühitinə malik olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan-Fransa iqtisadi-ticarət əlaqələrinin
inkişafı, nəqliyyat, enerji, o cümlədən hidrogen istehsalı və s.
sahələrdə əməkdaşlığa dair müzakirələr aparılıb.