İqtisadi rayonların yeni bölgüsü ilə qeyri-neft sektorunda canlanma və dirçəlişin yeni fazası meydana çıxacaq – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

İqtisadi rayonların yeni bölgüsü nəticəsində Azərbaycanın qeyri-neft sektorunda canlanma və dirçəlişin yeni fazası meydana çıxacaq.

Bunu AzerTimes-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Azərbaycan artıq ərazi bütövlüyünü təmin etmiş dövlət kimi iqtisadi siyasətinin konturlarına da düzəlişlər edir, regionların iqtisadi resurs və inkişaf trayektoriyasının gələcək meyarlarını yeni geoiqtisadi şəraitə uyğun tərtib edir:

“Beləliklə, bütün rayonlarımızın zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir. Cənab Prezidentin iqtisadi rayonların yeni bölgüsünə dair müvafiq fərmanı da yeni siyasi-iqtisadi inkişafın tələbindən irəli gəlir”.

Millət vəkili qeyd edib ki, son illrdə ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişmiş, regionların iqtisadi potensialı artmış, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşmış, əhalinin rifah halı yüksəlib:

“Bölgələrdə iqtisadi resurslar üzə çıxarılaraq ümumi inkişaf dinamikasına hərarət verib, regionalrda minlərlə yeni müəssisə və biznes subyektləri yaradılıb və 2 milyondan artıq insanın işlə təmin edilməsində mühüm rol oynayıb. Hazırda bu dinamizm Vətən müharibəsindən sonra yeni iqtisadi tələb və şərtləri meydana çıxarıb. Çünki Azərbaycan iqtisadiyyatı üç dəfədən çox böyüyüb, iqtisadiyyatın regional və sektoral strukturu dəyişib, habelə Qarabağın iqtisadi dövriyyəyə qayıtması və regional kommunikasiyaların, o cümlədən, Zəngəzur dəhlizinin açılması perspektivi yeni reallıqlar yaradıb.

Qarabağ və Zəngəzur bölgəsi artıq Azərbaycanın iqtisadi xəritəsinin tərkib hissəsi kimi xüsusi strateji yer turur və bu bölgələrin zəngin resurslarının tədqiqi və istismarı üçün yol xəritələri hazırlanır. Azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən Gəncə–Qazax və Aran iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasını tələb edir. Həmin bölgələrin iqtisadi rayonlaşma tipi və ixtisaslaşma trendləri də ümumilikdə ölkəmizin iqtisadi xəritəsinin yeni dizaynını tələb edir. Bu cəhətdən yeni iqtisadi bölgü və regionalrın təsnifatlaşması mühüm addım hesab edilə bilər”.


A.Hüseynovun sözlərinə görə, Prezidentin fərmanı həm də, mühüm siyasi məzmun kəsb edir:

“İqtisadi rayonların yeni bölgüsünün təsdiqlənməsi Azərbaycan torpaqlarının tarixi adlarının bərpası baxımından xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə də, Xocalı və Xankəndinin Qarabağ iqtisadi rayonuna daxil edilməsi Ermənistanın utopik fikirlərinə də birdfəlik nida işarəsi qoyur və Xankəndinin inzibati ərazi kimi bundan sonra Azərbaycanın iqtisadi və siyasi qərarlarına uyğun idarə ediləcəyini şərtləndirir”.

Deputat bildirib ki, hazırda iqtisadi rayonların yeni bölgüsünün tətbiq olunması aparılan islahatları dərinləşdirməklə postpandemiya dövründə ölkəmizin yeni inkişaf mərhələsinə inamla qədəm qoymasına səbəb olacaq:

“Ölkəmizdə genişmiqyaslı islahatlar dayanmadan davam etdirilir. Ölkəmizin qeyri-neft iqtisadiyyatının bütün sektorlarının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması və yerli istehsalın artırılması və ixracın genişləndirilməsi də Prezident İlham Əliyev tərəfindən əsas çağırışlar kimi müəyyən edilib.

İqtisadi rayonların sayının 10-dan 14-ə qədər artırılması ölkədə daha çevik və səmərəli iqtisadi siyasətin həyata keçirilməsini şərtləndirəcək, Qarabağın, Şərqi Zəngəzur regiounun zəngin iqtisadi resursları istifadə olunaraq yaxın dövrdə tam iqtisadi dövriyyəyə cəlb ediləcək və Azərbaycanın qeyri-neft sektorunda canlanma və dirçəlişin yeni fazası meydana çıxacaq. İqtisadi rayonların ahəngdar və hərtərəfli inkişafı ölkəmizin iqtisadiyyatına və xalqımızın rifahına öz töhfələrini verəcək. Azərbaycan inkişaf edərək daha güclü dövlətə çevriləcək”.

Teqlər: