İqtisadçı deputata qarşı çıxdı: Belə pul paylamaq olmaz…

İqtisadçı deputata qarşı çıxdı: Belə pul paylamaq olmaz…

Hamıya pul paylamaq o qədər də uğurlu təklif deyil. Çünki əlavə pul kütləsi onsuz da yüksək olan inflyasiyanı daha da artıracaq. Əgər təklif yerinə yetirilərsə, yüz manatın dəyəri daha da aşağı düşəcək. Bu, insanlara qiymət artımı ilə geri dönəcək.

AzerTimes xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli millət vəkili Tahir Kərimlinin parlamentin iclasında çıxışı zamanı Müstəqillik Günü münasibəti ilə hər vətəndaşa 100 manat, hər doğulan uşağa 2000 dollar, hər ailəyə ayrıca 200 dollar verilməsi təklifinə münasibətində deyib.

O bildirib ki, bu, populizmdir və istənilən təklifin iqtisadi əsası olmalıdır:

“Hamıya pul verməkdənsə, vergi və gömrük rüsumunu aşağı salmaq lazımdır. Bu, hamı üçün qazanc deməkdir. Çünki qiymətlər və inflyasiya aşağı salınmadıqca, nə sosial yardımların verilməsi, nə də maaş və pensiyaların artırılması fayda verə bilər. Əksinə, bu, indiki iqtisadi modeldə əks effekt doğuracaq. Ona görə də biz ərzaq məhsullarının əlavə dəyər vergisinin 18 faizdən 2 faizə endirilməsini təklif edirik. Dərman vasitələri ilə bağlı gömrük rüsumlarının isə sıfırlanmasının tərəfdarıyıq. Bax, bu addımlar inflyasiyanın qarşısını alacaq və qiymətlərin aşağı enməsinə səbəb olacaq. Bu, həm də insanların gözləntilərinə daha uyğundur. Biri var, dövlətin vəsaitini xərcləyərkən daha çox qiymət artımı ilə qarşılaşasan, biri də var ki, bugünkü qazancınla daha çox mal və ərzaq almağa imkanın olsun”.

Ekspert onu da qeyd edib ki, illah kiməsə pul paylamaq lazımdırsa, onda bu, sosial yardıma ehtiyacı olanlara şamil etmək doğrudur:

“Elə insan var ki, onun 100 manata ehtiyacı yoxdur, elə ailələr isə var ki, onların 10 manata da ehtiyacı var – yəni yardımı bərabərlik prinsipi ilə deyil, ədalət prinsipi ilə bölüşdürmək lazımdır.

Həqiqətən də doğuşun stimullaşdırılması, ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün uşaqlara yardım proqramına ehtiyac var. Azərbaycanda son illər doğuş sayı kifayət qədər sürətlə azalır. Bu da demoqrafik problemə səbəb ola bilər. Hətta Dünya Bankının iki gün öncə yaydığı hesabatda bu məsələyə diqqət çəkilib. Azərbaycan hökumətinə bununla bağlı xəbərdarlıq edilib.

Bu gün ailələr birinci uşağı özləri planlaşdırır, buna maddi olaraq da hazırlaşırlar. Ancaq növbəti uşaqlar maddi dəstək olmadığı təqdirdə ailənin büdcəsinə yük yaradır, bir çox ailə sosial problemlər səbəbindən ikinci, üçüncü uşağı dünyaya gətirməyə çəkinir. Məhz həmin kateqoriyalara aid uşaqlara, yəni birinci uşaqdan sonra dünyaya gələn uşaqlara əlavə hər ay yüz manat verilməsi mümkündür – Azərbaycan iqtisadiyyatının buna kifayət qədər imkanı var”.

Teqlər: