İqtidara yaxın bəzi siyasilər əks-düşərgəyə keçir…

İqtidara yaxın bəzi siyasilər əks-düşərgəyə keçir…

Ölkəmizin gələcəyi xalqımızın iradəsindən və inkişaf səviyyəsindən yox, iqtidarın yürütdüyü siyasətdən asılıdır.

AzerTimes xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev mediaya geniş müsahibəsində deyib.

O bildirib ki, Ukraynadakı müharibənin və Türkiyədəki siyasi proseslərin gedişindən asılı olaraq bizdə də müəyyən siyasi canlanma müşahidə olunmaqdadır:

“Bəziləri geosiyasi proseslərin iqtidarın xeyrinə cərəyan etmədiyini düşünüb Qərbin təmsilçiləri ilə gizli əlaqələr qurur, təmsil olunduğu düşərgəni tərk etməyə çalışır. İqtidara yaxınlığı ilə seçilən mötədil siyasilər radikallaşır, utanmadan əks düşərgəyə reveranslar edirlər və s. Onları ölkənin yox, öz gələcəkləri düşündürür”.

Millət vəkili Qarabağ üzərində dövlət suverenliyini qısa müddətdə bərpa etdikdən sonra iqtidarın ciddi iqtisadi və hüquqi islahatlara başlamaq gərəkdiyinin fərqində olduğunu hesab etdiyini vurğualyıb:

“Buna görə cəzalandırılacağımız, ölkəmizin böyük risklərlə üz-üzə qalacağı ehtimalı çox azdır. İqtisadiyyatın enerji satışından asılılığına son qoyulmalı, sənaye və kənd təsərrüfatı inkişaf etdirilməlidir. Bunun üçün isə sahibkarı məmurdan qoruya bilən güclü məhkəmə, əlverişli investisiya və biznes mühiti yaradılmalıdır. Büdcə gəlirlərinin artırılması vətəndaşlardan müxtəlif adlarla və yollarla daha çox pul qoparmaq hesabına olmamalıdır. Yeni iş yerlərinin açılması, istehsal və emal müəssiələrinin yaradılması hesabına olmalıdır.

Xərclərin azaldılması isə pensiya və müavinət alanların sayının azaldılması hesabına yox, idarəetmə xərclərinin azaldılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və dövlət sifarişləri zamanı şəffaflığın təmin edilməsi, strateji sahələrin özəlləşdirilməsi, dövlət inhisarçılığına son qoyulması hesabına olmalıdır. Hesab edirəm ölkəmizdə sabitlik barədə vətəndaş razılığının olması, əlverişli geosiyasi vəziyyət tədrici və böyük islahatlara başlamaq üçün əlverişli şərait yaratmışdır”.

Teqlər: