İnzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlanıb

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 10 aprel
2022‑ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B
növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına
uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test
imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən xəbərə görə, imtahan nəticələri
bu gün saat 16:06-dan etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər
imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar
(Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727
nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda 2063 nəfər iştirak edib. İmtahan nəticələrinə əsasən,
BA1 altqrupu üzrə 16 nəfər, BA2 altqrupu üzrə 22 nəfər, BA3
altqrupu üzrə 56 nəfər, BA4 altqrupu üzrə 69 nəfər, BB1 altqrupu
üzrə 93 nəfər, BB2 altqrupu üzrə 116 nəfər, BB3 altqrupu üzrə 175
nəfər, BB4 altqrupu üzrə 235 nəfər olmaqla, ümumilikdə 782 namizəd
tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara
daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək.
Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə
etmək üçün aprelin 12-dən 25-dək DİM-in portalında müraciət
formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların
düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin “skan”
edilmiş surətləri formaya əlavə edilir: Ali təhsil haqqında sənədin
surəti; Əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş
sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə
yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin
(sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və
ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü
müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik
olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin
altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun
olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan
edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd
qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının
ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin
tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə
bilməz.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 12-14 aprel
tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində
fəaliyyət göstərəcəkdir. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həsən
Əliyev, 299.

Teqlər: