İnternet bankçılıq üzrə köçürmələr 59 faiz, mobil bankçılıq üzrə isə 2,4 dəfə artıb

Xəbər - Çingiz Səfərli – Trend:

2021-ci ilin I yarımili ərzində bank müştərilərinin cari hesablarından aparılan köçürmələrin ümumi sayı 25.5 mln. ədəd, həcmi isə 93.3 mlrd. manat təşkil edib.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı Ödəniş Sistemləri üzrə Yarımillik İcmalda qeyd olunub. Aparılan köçürmələrin say üzrə 76%-i (19.3 mln. ədəd), həcm üzrə isə 70%-i (64.9 mlrd. manat) məhz rəqəmsal bankçılıq vasitəsilə reallaşdırılıb.

2021-ci ilin I yarımili ərzində internet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi ötən ilin analaoji dövrü ilə müqayisədə 58.5%, mobil bankçılıq xidmətləri vasitəsilə aparılan köçürmələrin həcmi isə 2.4 dəfə artaraq müvafiq olaraq 59 mlrd. və 1.6 mlrd. manat olub.

01.07.2021-ci il tarixinə ölkədə fəaliyyət göstərən 26 bankdan 24-ü tərəfindən internet bankçılıq, 22-si tərəfindən isə mobil bankçılıq xidməti təqdim olunur. Hesabat dövründə rəqəmsal bankçılıq xidmətləri üzrə statistik göstəricilərdə ciddi irəliləyişlər nəzərə çarpır.


“2021-2023-cü illər üzrə Rəqəmsal Ödəniş Strategiyası” çərçivəsində icrası nəzərdə tutulmuş tədbirlərin effektiv realizasiyası ölkəmizdə nağdsız ödəniş göstəriciləri üzrə daha yüksək nəticələrin əldə edilməsinə, rəqəmsal bankçılıq xidmətlərinin daha sürətli inkişafına, ölkədə rəqabətli, innovativ və əlçatan ödəniş mühitinin formalaşmasına imkan verəcək.

Teqlər: