İngilis səfir: Bu kino ki var, çox qəliz məsələdir…

İngilis səfir: Bu kino ki var, çox qəliz məsələdir…

Noyabrın 10-da Nizami Kino Mərkəzində XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi baş tutub.

AzerTimes xəbər verir ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivalın rəsmi tərəfdaşı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyidir.

Tədbirdə çıxış edən Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru Fehruz Şamıyev festivalda yer alan filmlər haqqında məlumat verib. O bildirib ki, Azərbaycanın qazanmış olduğu zəfər çəkilən filmlərdə də öz əksini tapacaq.

Kino Agentliyinin nümayəndəsi Rəşad Qasımov çıxışında Bakı Qısa Filmlər Festivalının Azərbaycanın ən uzunömürlü kino festivalı olmasını qeyd edib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld qısametrajlı filmlərin əhəmiyyətindən danışıb.

“Mən qısametrajlı filmləri çox sevirəm. Bu festivalda Britaniya filmlərinin nümayişini təşkil etdiyinə görə “British Council”a minnətdaram. Dörd gözəl və müxtəlif Britaniya qısametrajlı filmləri bu festivalda görəcəyik.

Azərbaycan dilini öyrənərkən Azərbaycan filmlərinə baxmağı sevirdim. Ona görə də çıxışımı bu statla bitirmək istəyirəm. “Bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib” (Qeyd edək ki, sitat “Bəyin oğurlanması” filmindəndir – red.) – səfir bildirib.

Beynəlxalq Qısa Filmlər Festivalının xarici və yerli müsabiqəsinin münsiflər heyətinin üzvləri – filmləri Rotterdam, “Kinoşok”, Karlovı-Varı kimi nüfuzlu kinofestivallarda mükafatlar qazanan Yavər Rzayev, Azərbaycan kinosunun ən məhsuldar təsvir rejissorlarından olan Nadir Mehdiyev, Azərbaycan nəsrinin tanınmış siması, yazıçı, ssenarist Şərif Ağayar, Azərbaycan Jurnalistlər Birliyinin rəhbəri Elçin Şıxlı, tanınmış ssenarist, ssenari üzrə məsləhətçi Rulof Yan Minnebu, Baykonur Beynəlxalq Film Festivalının proqram direktoru, kinotənqidçi Ercan Cumabəyov, Moskva, Avrasiya, Varşava Film Festivallarının baş mükafatçısı, rejissor, prodüser Fərhad Şərifov çıxış edərək bütün kinosevərləri bu təntənəli açılış mərasimi münasibətilə təbrik ediblər.

Daha sonra festivala təqdim olunan yerli və xarici filmlərin kollajından ibarət videoçarxlar, eyni zamanda Britaniya Film və Televiziya Sənətləri Akademiyasının “Bafta” mükafatına, bu il ən yaxşı qısametrajlı bədii film nominasiyasında “Oskar” mükafatına da layiq görülmüş “İrlandsayağı vida” filmi təqdim olunub.

Teqlər: