İndoneziyanın mərkəzi məscidində Xocalı ilə bağlı tədbir keçirilib (FOTO)

Dünən İndoneziyanın paytaxtı Cakartanın mərkəzi Əl-Əzhər
məscidinin Buya Hamka zalında İƏT Gənclər Forumu Avrasiya Regional
Mərkəzini (İƏGF-ARM) təşkilatçılığı, İndoneziya Gəncləri Milli
Şurası və İndoneziya İƏT Gənclər Forumunun tərəfdaşlığı və
Azərbaycanın İndoneziyadakı səfirliyinin dəstəyi ilə Xocalı
faciəsinə həsr olunmuş növbəti anım tədbiri keçirilib. Öncə Qarabağ
şəhidlərinin ruhuna namaz qılınıb, onların xatirəsi üçün havaya
hava şarlar buraxılıb.

Daha sonra sözügedən anım tədbirinin açılış mərasimində çıxış
edən İndoneziya Əl-Əzhər Universitetinin prorektoru Ade Camal,
İslam Əməkdaşlıq Gənclər Forumunun vitse-prezidenti və
İndoneziyanın Milli Gənclər Şurasının sədri Tantan Tofiq Lubis
çıxış edərək 1992-ci ilin fevralında erməni silahlı qüvvələrinin
Xocalıda törətdiyi kütləvi qırğından, eləcə də İndoneziyanın
Azərbaycanın işğal olunmuş torpaqların azad olunması üçün apardığı
haqq işini müdafiə etməsindən bəhs ediblər, xüsusilə, Xocalı
həqiqətlərinin dünya ictimaiyyətinə yayılmasının vacibliyini qeyd
ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın İndoneziyadakı səfiri Cəlal
Mirzəyev, İndoneziyanın Nümayəndələr Palatasının Parlamentlərarası
Əməkdaşlıq komissiyasının sədri Fadli Zon, həmin palatanın 1-ci
komissiyasının sədri Helmi Fasal Zaini, İndoneziya əl-Əzhər
Universtinin professoru Hüsnan bəy Fənani, İndoneziya Məclisi
Üləmanın Beynəlxalq Əlaqələr və Əməkdaşlıq komitəsinin sədri Bünyan
Saptomo “Xocalıya ədalət” kampaniyası əhəmiyyətindən, eləcə də
Ermənistan rəhbərliyini Xocalı faciəsini tanımağa çağıran, Vyanada
Srebrenisa Memorial Muzeyinin direktor müavini Amra Beqiç
tərəfindən irəli sürülmüş və hal-hazırda İƏGF-ARM-nin kampaniya
şəkilində həyata keçirdiyi “Xocalı: Barışıq üçün Tanı”
təşəbbüsündən bəhs ediblər.


Tədbirin sonunda İndoneziya İƏT Gənclər Forumunun sədri Astrid
Nadya Naqziya “Xocalıya ədalət” kampaniyası haqda təqdimatla çıxış
edib, hamını onlayn kampaniyaya qoşulmağa dəvət edib.

Teqlər: