İnanırıq ki, Başlıbel qətliamını törədənlər tezliklə ədalət mühakiməsi qarşısında cavab verəcəklər – Ombudsman

İnanırıq ki, Ermənistan tərəfindən dinc azərbaycanlılara qarşı
törədilmiş çoxsaylı cinayətlərin, o cümlədən Başlıbel qətliamının
törədilməsində təqsirkar olan şəxslər tezliklə hüquqi məsuliyyətə
cəlb edilərək ədalət mühakiməsi qarşısında cavab verəcəklər.

AzerTimes-ın məlumatına görə, bu
barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyevanın Başlıbel qətliamının 29-cu ildönümü
ilə əlaqədar açıqlamasında deyilir.

“Bu gün Başlıbeldə qətliam törədilməsindən 29 il ötür.

Ermənistanın Azərbaycana qarşı nifrət zəminində həyata keçirdiyi
soyqırımı, deportasiya, etnik təmizləmə və işğalçılıq siyasəti
nəticəsində minlərlə günahsız azərbaycanlı amansızcasına qətlə
yetirilməklə soyqırım cinayətinin qurbanına çevrilmişdir.

Ermənistan tərəfindən insanlıq əleyhinə yönəlmiş, kütləvi
qırğınlarla nəticələnən müharibə cinayətlərindən biri də 1993-cü
ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində
törədilmişdir. Bu cinayət nəticəsində içərisində uşaqların,
qadınların, əlilliyi olan şəxslərin, ahılların da olduğu kənd
əhalisi işgəncələrə məruz qalmaqla kütləvi şəkildə qətlə
yetirilmiş, hətta bəziləri diri-diri yandırılmışdır.

Başlıbel kəndinin Ermənistan tərəfindən işğalı zamanı 62 dinc
sakin xilas olmaq məqsədilə mağaraya sığınmış, lakin ermənilər
onların yerini aşkarladıqda silahlı hücuma keçərək qətliam
törətmişlər.

Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra Azərbaycan tərəfi
Ermənistan silahlı qüvvələrinin amansızcasına qətlə yetirdiyi həmin
şəxslərin meyitlərinin həmkəndliləri tərəfindən mağara yaxınlığında
dəfn olunduğu yeri aşkar etmişdir. Kütləvi şəkildə qətlə yetirilmiş
həmin sakinlərin qalıqları ekshumasiya edilməklə şəxsiyyətləri
müəyyənləşdirilmiş və ayrı-ayrı dəfn olunmuşdur. Sağ qalan
şahidlərin ifadələri də təsdiq edir ki, Başlıbel qətliamı zamanı
sakinlər arasında girov götürülənlər olmuşdur və bugünədək itkin
hesab olunanlar vardır.

Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biri olan
Başlıbelin tarixi, mədəni və dini obyektləri işğal zamanı
dağıdılaraq məhv edilmişdir.

Ermənistan tərəfindən Kəlbəcər rayonunun Başlıbel kəndində
törədilmiş soyqırım cinayəti, habelə Azərbaycanın tarixi-mədəni
irsinə qarşı vandalizm aktı nəticəsində insan hüquqları sahəsində
mövcud olan beynəlxalq hüquq normalarının tələbləri bir daha kobud
şəkildə pozulmuşdur.

İnanırıq ki, Ermənistan tərəfindən dinc azərbaycanlılara qarşı
törədilmiş çoxsaylı cinayətlərin, o cümlədən Başlıbel qətliamının
törədilməsində təqsirkar olan şəxslər tezliklə hüquqi məsuliyyətə
cəlb edilərək ədalət mühakiməsi qarşısında cavab verəcəklər”, –
ombudsman deyib

Teqlər: