Xəbər - Elçin Mehdiyev – Trend:
Gənclər və İdman Nazirliyinin “Nazirin Nöqteyi-Nəzəri” rubrikasında Gənclər və İdman naziri Fərid Qayıbovun növbəti məqaləsi yayımlanıb.
AzerTimes həmin məqaləni təqdim edir.
“Nazir kimi fəaliyyətimin dördüncü ayı ötən ilin sonuna təsadüf etdi. Hesabat ayında ölkənin Şimal-Qərb və Dağlıq Şirvan bölgəsinə səfər çərçivəsində Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Şəki, İsmayıllı, Şamaxı, Qobustan Olimpiya kompleksləri və digər idman qurğularının fəaliyyətləri ilə tanış olduq. Müxtəlif idman növləri üzrə bölmələrin məşq proseslərini izlədik, idmançılarla görüşdük, məşqçi-müəllimlərlə fikir mübadiləsi aparıb, onların problemləri ilə maraqlandıq. Bu idman qurğularının potensialından, xüsusən də üzgüçülük hovuzlarından səmərəli istifadə imkanlarını müzakirə etdik.
Güləş, Badminton, Basketbol, Atıcılıq, Triatlon, Avarçəkmə, Stolüstü Tennis və Taekvondo federasiyalarının hesabat-seçki yığıncaqları keçirildi. Federasiyaların işi təhlil edildi, nöqsan və problemlər səsləndirildi, növbəti dövr üçün məqsəd və vəzifələr müəyyən olundu. Yeni rəhbərlik və seçilmiş idarə heyətləri ilə birgə regionlarda işin genişləndirilməsi, kütləviliyin artırılması, nəticələrə əsaslanan fəaliyyətin təşkili barədə müzakirələr aparıldı.
Stolüstü tennis və Atçılıq federasiyalarında vəziyyətlə tanış olduq, Pauerliftinq Federasiyası milli yığma komandasının təlim-məşq bazasının açılışında iştirak etdik”, – deyə F.Qayıbov bildirib.
O qeyd edib ki, uğur qazanmış idmançılar da diqqət mərkəzindədir.
“Onlar Azərbaycanı layiqincə təmsil edir, arxasınca onlarla gənci idmanla məşğul olmağa səsləyirlər. Ötən ay həmçinin şahmat, reqbi, MMA və digər növlər üzrə idmançı və mütəxəssislərlə görüşlərdə idman potensialımızın imkanlarını müzakirə etdik.
Gənclər siyasətini yerlərdə həyata keçirən qurumların fəaliyyəti, orada çalışan insanlar, onların bilik və bacarıqları, koordinasiyalı işi xüsusi əhəmiyyət kəsb edir. Balakən, Qobustan, Suraxanı və Xəzər Gənclər Evlərinin fəaliyyəti, oradakı klub və dərnəklərin işi, xidmətlərin keyfiyyəti ilə də əyani tanış olduq. Mərdəkan qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində yaradılmış şəraitlə də maraqlandıq. Əlbəttə ki, bu müəssisələrdə gənclərin maraqlarına cavab verən, daha peşəkar və zəruri xidmətlər təşkil edilməli, mövcud imkanlar daha səmərəli istifadə edilməlidir”, – deyə nazir qeyd edib.
O vurğulayıb ki, regionda yaşayan gənclərin inkişaf imkanlarının, cəmiyyətin işində iştirakçılığının və onları düşündürən məsələlərin müzakirəsi bu dəfə İsmayıllıda keçirilən zona görüşündə aparıldı:
“İsmayıllı, Şəki, Zaqatala, Qax, Balakən, Qəbələ, Şamaxı, Oğuz, Qobustan və Ağsu rayonlarının gənclər və idman idarələrinin, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin, müxtəlif gənclər təşkilatlarının rəhbərləri ilə 4 saatdan artıq davam edən açıq və səmimi müzakirə keçirildi. İsmayıllı səfəri çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Regional Kubokunun açılışında iştirak etdik, şəhid ailələri və Vətən müharibəsi qaziləri ilə görüşdük.
Konfederativ və iri gənclər təşkilatlarının rəhbərləri ilə təkrar görüşdə gənclər evlərinin fəaliyyətinin təkmilləşdirilməsi, gənclər təşkilatlarının fəaliyyətinə dair qanunvericilik, regionlarda gənclərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, özəl sektorun gənclərin fəaliyyətini dəstəkləməsi, gənclərin könüllülük fəaliyyəti və s. istiqamətlər üzrə gənclər təşkilatlarının təqdimatlarını müzakirə etdik. Gənclər təşkilatlarının qərarların verilməsi prosesində iştirakı üçün yeni imkanlar yaradacağıq.
Milli-mənəvi dəyərlərin təbliği və vətənpərvərliyin tərbiyəsi istiqamətində fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbərləri ilə də görüşüb müzakirələr apardıq. Yeni çağırışlar mərhələsində gənclərin məşğulluğunu Gənc Sahibkarların II Forumunda müzakirə etdik. Keçirilməsinə 2022-ci ildə başlayacağımız sosioloji tədqiqat və “Yerli” gənclərin bacarıqlarının artırılması layihələri əməli nəticələr verəcək.
Dekabrın son həftəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə idmançıların, yaradıcı gənclərin və könüllülərin iştirakı ilə Xocasən gölünün ətrafında ağacəkmə tədbiri keçirdik. Bütövlükdə gənclərin sosial, ölkə üçün əhəmiyyətli layihələrə böyük maraq və fəallığını əməli işlərə çevirmək zamanıdır.
Beynəlxalq əməkdaşlıq sahəsində də bir sıra görüşlərimiz oldu. Malayziya, Kubanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri ilə görüşlər keçirdik, ölkəmizdə səfərdə olan Beynəlxalq Boks Assosiasiyasının və Avropa Şahmat İttifaqının prezidentlərini, Dünya Etnosport Konfederasiyası və Beynəlxalq Abilimpiya Federasiyasının nümayəndələrini qəbul etdik.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti seçilməyim ictimai fəaliyyətimdə daha bir pəncərənin açılması ilə yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Olimpiya Hərəkatına töhfə vermək baxımından da qarşımıza yeni məqsədlər qoyur.
İnanıram ki, inamla, diqqətlə və ümidlə görülən işlər təmsil etdiyimiz hər iki sahənin inkişafında faydalı olacaq. Yeni ildə gənclərimizə və idmançılarımıza möhkəm can sağlığı, əzmkarlıq, inam və yeni nailiyyətlər arzulayıram!”, – deyə nazir əlavə edib.