İlqar Mikayıloğlu Laçın yolunda: Heç bir maşın…

İlqar Mikayıloğlu Laçın yolunda: Heç bir maşın…

Azərbaycanlı ekofəalların, QHT nümayəndələrinin, könüllülərin və jurnalistlərin Laçın yolundakı aksiyasında iştirak edən tanınmış jurnalist İlqar Mikayıloğlunun AzerTimes-a müsahibəsi:

– İlqar bəy, Xankəndi-Laçın yolunda hazırda vəziyyət və aksiya iştirakçılarının əhval-ruhiyyəsi necədir? Günü necə keçirirlər?

– Artıq 26-cı gündür ki, ekoloji aksiya davam edir. Bu 26 gün ərzində heç bir şəxsin ağlından “aksiyanı bu axşam dayandırmaq lazımdır” deyə bir fikir keçməyib. Əksinə, hamı konkret tələblər həyata keçirilənədək aksiyanı davam etdirməyin vacib olduğunu düşünür.

Aksiyada iştirak edənlərin əhval-ruhiyyəsi qaydasındadır. Havanın tez-tez dəyişməsinə baxmayaraq, bu heç kim üçün önəmli deyil. Düzdür, hava proqnozuna nəzər yetirdiyimiz zaman bizi qarşıda şaxtalı və qarlı havanın gözlədiyini görürük. Amma burada vəziyyət normaldır. Hər kəs qalmaq üçün isti yerlə, çayla, yeməklə təmin olunub. Bir sözlə, aksiyanı sonadək davam etməyimiz üçün ərazidə tam şərait var və buna görə aksiyanın ümumiyyətlə, dayanmasını heç kim gözləmir.

– Maraqlıdır, ərazidən gün ərzində bəzən 25-dən çox Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus maşın keçir. Bu maşınlar keçərkən içərisində nə olduğu yoxlanılırmı?

– Təbii ki, texnologiyanı nəzərə almaq lazımdır. Söhbət artıq XXI əsrdən gedir. Məhz biz bu əsrdə geniş texnoloji imkanlardan istifadə edirik. Bu isə o deməkdir ki, maşınlar oradan heç də nəzarətsiz keçmir. Mütləq deyil ki, maşın saxlanılaraq onun içinə baxılsın. Artıq texnologiya sənə maşının içində nə olduğundan xəbərdar olmağa imkan verir. Hər-halda xüsusi xidmət orqanlarımız və kəşfiyyat məlumatlarımız da var. Onlar sayəsində bizim hər məqamdan xəbərimiz var. Ona görə də, hər-hansı maşının burada bixəbər nəsə daşımasıyla bağlı söhbət belə gedə bilməz. Aydın məsələdir ki, daşınan yük barəsində lazım olan strukturlara məlumat verilir.

– Aksiyanın nə qədər davam edəcəyini düşünürsüz? Sizcə ekofəalların əsas tələblərini sülhməramlılar niyə icra etmir?

– Düşünürəm ki, Rusiya sülhməramlılarının tələbləri imtina edilməsinin səbəbi siyasidir. Ancaq nə qədər ki, bizim tələblərimiz yerinə yetirilmir bu aksiya davam edəcək. Hər şey də ona hesablanıb. Bundan əlavə, mənə görə tərəflər arasında kimin əsəblərinin belə vəziyyətə daha çox dözəcəyi ilə bağlı mübarizə gedir. Rusiya sülhməramlıları düşünür ki, onlar yolu bağlamaqla aksiyanı dayandıracaqlar. Ermənilər isə düşünür ki, yolun bağlanmasından özləri üçün istifadə edə bilərlər. Lakin onlar yol bağlıdır deyərək Xankəndidəki vəziyyəti “humanitar fəlakət” kimi qələmə verir. Hərçənd yol açıqdır. Gün ərzində buradan həqiqətən də 10-25 maşın keçir. Bu səbəbdən, burada yolun bağlanmasından söhbət gedə bilməz.

– Necə düşünürsüz 26 gündür davam edən nümayişlərdə hansı müsbət nəticələrə əldə olunub?

– Biz 1988-ci ilin Azadlıq hərəkatında, Birinci və İkinci Qarabağ müharibəsində o cümlədən, Azərbaycanın azadlığı uğrunda atılan hər addımda olduğu kimi lazım olan məqamda dərhal toplanıb çox güclü və istiqamətlənmiş zərbə endirə bildiyimizi burada da göstərdik. İkinci tərəfdən biz bir daha Qarabağın bizim olduğunu nəinki topla, tankla eyni zamanda sözlə, siyasətlə, hərəkətlə sübuta yetirdik.

Azərbaycan aksiyanı sonadək davam etdirəcək və geri çəkilmək fikri yoxdur.

Teqlər: