İlk ‘’TEKNOFEST AZƏRBAYCAN’’ Azercell-in baş sponsorluğu ilə keçiriləcək

26-29 may tarixlərində “Bakı Kristal Zalı” və
Dənizkənarı bulvar ərazisində baş tutacaq tədbirdə Azercell-in
stendində ən son innovativ həllər də sərgilənəcək

Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan
Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə
Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə
təşkilatçılığı və Azercell-in baş sponsorluğu ilə bu ilin 26-29 may
tarixlərində ölkəmizdə ilk dəfə olaraq “Teknofest Azərbaycan”
Aerokosmik və Texnologiya festivalı keçiriləcək.

Baş tutacaq festival çərçivəsində 8 kateqoriya üzrə texnologiya
müsabiqələrinin keçirilməsi nəzərdə tutulub. Festival zamanı “Smart
Qarabağ” Hakatonu, “Take Off Baku” Startap Sammiti və “Rocket
League” kiber idman üzrə Avropa Çempionatı təşkil olunacaq.
Rəqəmsal məhsullar və xidmətlər sərgisi, texnologiya sahəsində
müxtəlif yarışma və əyləncəli proqramları özündə birləşdirən bu
irimiqyaslı tədbirdə “Azercell Telekom” MMC baş sponsor olmaqla
yanaşı, ayrıca stendlə iştirak edəcək. 25 illik fəaliyyəti ərzində
Azərbaycana daim qabaqcıl texnologiyaları gətirən Azercell şirkəti
sərgidə özünün “Bağlantını asanlaşdırır, həyatı dolğun edirik”
strateji məqsədini reallaşdıran məhsul və həllərini təqdim edəcək.
Festival günlərində Azercell-in stendinin ziyarətçiləri maraqlı
xidmətləri izləməklə yanaşı, hədiyyələr qazandıran maraqlı
müsabiqələrdə iştirak imkanı əldə edəcəklər.

Ümumilikdə sərgidə festivalın tərəfdaş qurumlarının xidmətləri,
o cümlədən gənc texnoloqların hazırladıqları prototiplər və STEM
layihələrinin nümayişi nəzərdə tutulur. Festivalın açıq səma
altında təşkil olunacağı bölməsində də pilotsuz uçuş aparatları və
vertolyotların sərgilənməsi planlaşdırılır.

Festivalın əyləncə proqramına Azərbaycan Hərbi Hava
Qüvvələrinin, eləcə də Türkiyənin məşhur “Türk Ulduzları” və “Solo
Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları daxildir.
“Teknofest Azərbaycan” festivalında həmçinin şaquli külək tuneli,
su attraksionları, uçuş simulyatorları, robotlar və s. nümayiş
etdiriləcək. Ziyarətçilər həmçinin incəsənət xadimlərinin
konsertini də izləyə biləcəklər.

2018-ci ildən etibarən keçirilən Türkiyənin ən böyük aviasiya,
kosmos və texnologiya festivalının məqsədi milli texnologiyaları
təbliğ etməklə bu sahədə məlumatlılığı artırmaq, həmçinin gənclərin
bilik və bacarıqlarının üzə çıxarılmasına imkan yaratmaqdan
ibarətdir.

Teqlər: