İlk əhəmiyyətli yarışımın Bakıda keçirilməsinə çox şadam – Portuqliyalı gimnast

Xəbər - Cani Babayeva – Trend:

Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları mənim ilk əhəmiyyətli turnirimdir və Bakıda keçirilməsinə çox şadam.

Bunu AzerTimes-a Portuqaliyalı gimnast Tyaqo Pineyro deyib.

T.Pineyro bildirib: “Seçmə mərhələdə yaxşı çıxış etdim. Əlbəttə, hələ çalışmalı, daha çox məşq etməl lazımdır ki, növbəti dəfə nəticə daha yaxşı olsun. Rəqiblərdən danışsaq, düşünürəm ki, Rusiyalı gimnastlar yaxşı hazırlıq göstərirlər”.

İdmançı əlavə edib ki, Bakıdakı yarışlar yüksək səviyyədə təşkil edilib: “Təşkilat yaxşıdır, əla şərait yaradılıb, Bakıda Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının keçirilməsi üçün hər şey mükəmməl hazırlanıb”.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarını təşkil edir. Turnir mayın 23-dək keçiriləcək.

Yarışların birinci günündə fərdi hərəkətlərdə kişilər (12-14 yaş) və qadınlar (15-17 yaş), üçlük (12-14 yaş və 15-17 yaş), qarışıq cütlüklər çıxış edir.


Yarışlarda 18 ölkədən 202 gimnast iştirak edir.

Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparır.

Hər iki yaş qrupunda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcəklər. Bununla yanaşı, 15-17 yaşlı idmançılar aero dans proqramında da öz qüvvələrini sınayır.

Azərbaycanı yarışlarda Leyla Abdullazadə, Arzu Ağayeva, Leyla Əhmədova, Sara Əlixanlı, Aylin Əliyeva, Rövşanə Bağırzadə, Leyla Bejanova, Dilarə Qurbanova, Fidan İbrahimova, Aliyə İsmayılova, Sənəm Kazımova, Evelina Kozlovskaya, Emiliya Mahmudova və Məryəm Topçubaşova təmsil edir.

Teqlər: