İlk dəfə olaraq “Baku International HR Forum” keçirilib (FOTO)

Yanvar ayının 28-də “Azərbaycan HR İnstitutu” təşkilatçılığı ilə “Baku International HR Forum” baş tutub. Tədbir “İnsan kapitalının inkişafı və gələcək innovasiyalar” şüarı altında keçirilib.

Beynəlxalq forumda dünyanın nüfuzlu təşkilatlarının liderləri, insan resursları sahəsində ən tanınmış rəhbər şəxslər və peşəkarlar, dövlət rəsmiləri, iş adamları və sahibkarlar iştirak edib. Foruma qatılan insan resursları sahəsinin aparıcı mütəxəssisləri dünyada bu sahədə tətbiq olunan təcrübələr, müasir innovasiyalar və texnologiyanın inkişafı və başqa aktual mövzular üzrə müzakirələr aparıblar.

Konfransda iştirak edən “PAŞA Bank”ın İdarə Heyətinin sədri, Baş icraçı direktor Taleh Kazımov “Baş İcraçı Direktorların İnsan resursları və insan resurslarının inkişafından gözləntiləri nədir?” mövzunun müzakirəsində iştirak edib.

“Hər təşkilatın uğurunun ən mühüm göstəricilərindən biri onun potensial böhranlara və aktual çağırışlarına uyğunlaşma qabiliyyətidir və dünyada davam edən COVID pandemiya dövründə bu faktor yenidən öz əksini tapıb. Belə məqamlarda müxtəlif “X”, “Y”, “Z” nəsillərin təmsilçilərdən ibarət insan kapitalının səriştəli idarə edilməsinin əhəmiyyəti dəfələrlə artır, çünki fəaliyyət göstərdiyi sahədən asılı olmayaraq, hər bir şirkətin ən dəyərli kapitalı onun əməkdaşlarıdır. 1.000 nəfərdən çox olan kollektivin rəhbəri kimi əminliklə deyə bilərəm ki, düzgün dəyərlər əsasında və sağlam iş mühitində qurulan insan kapitalı təşkilatın davamlı inkişafında və əldə edilən uğurların qazanılmasında əsas rol oynayır”, – deyə, T. Kazımov vurğulayıb.


“Baku International HR Forum” tədbirinin sonunda “HR AWARDS” mükafatlandırma mərasimi baş tutmuşdur. Nüfuzlu “The Australian HR Institute” (AHRI) beynəlxalq təşkilatının təcrübə əsaslı araşdırmasından “Azərbaycan HR İnstitutu” tərəfindən toplam 15 kateqoriya üzrə 12 təşkilat/komanda və 3 individual nominasiya üzrə qaliblər mükafatlandırılmışdır.

Qaliblər xarici və yerli HR peşəkarlarından ibarət Ekspert komissiyası tərəfindən “Smart” qiymətləndirmə metodu ilə müəyyən edilmişdir. Ekspert komissiyasının yekun rəyinə əsasən, PAŞA Bankın İdarə heyətinin sədri və Baş icraçı direktoru Taleh Kazımov “2021-ci ilin ən yaxşı insan yönümlü baş direktoru” («Best people-focused CEO of the year 2021») mükafatına layiq görülüb.

“Baku International HR Forum” və “HR AWARDS” mükafatlandırma mərasimi haqqında ətraflı məlumat “Azərbaycan HR İnstitutu”-nun veb-saytında əldə etmək mümkündür: http://hrinstitute.az/