İlham Əliyevin qarşıya qoyduğu yeni hədəflər… – Kılıç

İlham Əliyevin qarşıya qoyduğu yeni hədəflər… – Kılıç

O, hamımızın arzusu, qəlblərimizin gizli və bir o qədər də açıq amalı olan bu müqəddəs məqsədə addım-addım, səbirlə və təmkinlə, böyük strateji dühası və dövlətçilik zəkası ağlı ilə yaxınlaşırdı. Türk xalqlarının minillik diləyi vahid ideoloji məkanda birləşməkdir. Bunu Türk millətinin fərdlərinin yaşadıqları bütün coğrafiyaya, yəni, Qafqazdan Anadoluya, Mərkəzi Asiyaya, tarixi Ötükənə, ucsuz-bucaqsız Türküstana yaymaq, Türk birliyini qurmaq və bunu dönməz etmək onun ən böyük məqsədlərindən biridir. And içərkən belə “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” dedi. Bu sözləri ifadə edərkən Prezident İlham Əliyevin nə qədər qəlbən sevinc və qürur hissləri keçirdiyini görməmək mümkün deyildi. Həqiqət budur ki, Türk dünyasının böyük oğlu, Prezident İlham Əliyev bu kəlmələri deyərkən, sadəcə, Azərbaycan Lideri kimi çıxış etmirdi. Həmin vaxt qətiyyəti və sarsılmaz iradəsi ilə birmənalı şəkildə artıq yolumuzun hara istiqamətləndiyini və bu məqsədə çatmaq üçün yeni dövrün başladığını ifadə edirdi. Bu addımı xaricdən olan inanılmaz və ədalətsiz basqılara rəğmən atmaq cəsarətini göstərən bu, dahi insanın hünəri ilə bir Türk oğlu olaraq qürur duymamaq sadəcə mümkün deyil.

AzerTimes Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç ifadə edib.

Xalqının mütləq əksəriyyətinin dəstəyini qazanan Prezident İlham Əliyevin tutduğu yolun doğru olduğunu mütləq dünyaya çox böyük şücaətlə nümayiş etdirdiyini vurğulayan Hulusi Kılıç deyib: “Mən bu qətiyyəti və iradəni ancaq İstanbulu fəth etmiş Fateh Sultan Mehmetin 14 yaşında İmperiya qurmuş Şah İsmayıl Səfəvinin, Türkiyəni necə deyərlər küllərindən dirçəltmiş Mustafa Kamal Atatürkün və Azərbaycanı dağılmaqdan xilas edərək dövlət qurmuş Heydər Əliyevin göstərdikləri, şanlı Türk tarixinə yazılmış əzmkarlıq və qorxmazlıqları ilə müqayisə edə bilərəm”.

Prezident İlham Əliyevin ifadələrinin tarixə qızıl hərflərlə yazıldığını qeyd edən H.Kılıç Prezident İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi fikirlərindən bu sitatları gətirib: “Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.

Qeyd edib ki, Prezident İlham Əliyevin bu sözləri Türk Dövlətləri Təşkilatının indiki statusundan daha ciddi və əhatəli, vahid mövqedən çıxış edən, eyni kökdən və soydan olan xalqların yaratdığı mühüm güc mərkəzi olacağını ifadə edir. Xüsusilə “Türk dövlətləri böyük hərbi gücdür!” ifadəsi yaxın perspektivdə TDT coğrafiyasında hansı mühüm proseslərin gedəcəyindən xəbər verən, bu strateji istiqamətə işarə vuran olduqca vacib və tarixi cümlədir.

“Fikrimcə, Türk dövlətlərinin birliyi tədricən Avropa İttifaqına bənzər modeldə formalaşma mərhələsinə qədəm qoyacaq. İnteqrasiya siyasi, iqtisadi, hətta hərbi istiqamətdə daha aydın və məqsədyönlü şəkildə həyata keçiriləcək. Düşünürəm ki, biz artıq TDT liderlərinin Naxçıvan zirvə toplantısında əsasını qoyduqları strateji hədəfə sürətlə yaxınlaşmaqdayıq və ona görə də bu mənada da yeni dövrü başlatdığımızı indidən söyləyə bilərik. Burada ,əlbəttə, bütün Türk dövlətlərinin vahid mövqedən çıxış etməsi çox vacibdir. Məncə, artıq hər bir Türk dövlətində bu iradə və məqsəd var və biz yaxın zamanlarda bunun konkret nəticələrini mütləq görəcəyik. Çünki indiyədək keçilmiş bir uğurlu və çətin yol var. Hamımız bu yolla bütün xarici təzyiqlərə və maneələrə rəğmən inamla və mətnliklə irəliləmişik. Bu, həqiqətdir. Bütün Türk dünyası bunu yaxşı başa düşür”.

Türk xalqlarını birləşdirən amalın ortaq tarix, mədəniyyət, dil və sairə amillərin olduğunu vurğulayan sabiq səfir bildirib ki, artıq yeni dövrdə daha çevik qərar mexanizmlərinin mövcud olduğu strateji məna və əhəmiyyət daşıyacaq. Azərbaycan Prezidentinin andiçmə mərasimində səsləndirdiyi bu böyük coğrafiyadakı Türk dövlətlərinin potensialı haqqındakı fikirləri də əslində faktdır. Bu potensial artıq tərəfimizdən hərəkətə keçirilib. Bu birlik bizə milli-mənəvi aspektlə yanaşı, həm də siyasi, iqtisadi, geo-siyasi və hərbi mənada da çox da uzaq olmayan parlaq və öz sözünü deyə bilən bir gələcək vəd edir. Fikrimcə, bu mütləqdir. İndi dünyanın analitik dairələrinin təhlillərində də bu fakt çox qabardılır və əsaslandırılır.

Türk coğrafiyasının, xüsusilə Qarabağ münaqişəsinin tam həllindən sonra dünya üçün həyati əhəmiyyət kəsb edən önəm qazandığını vurğulayan H.Kılıç qeyd edib ki, Orta Dəhliz üzərində yerləşən dəniz, dəmir və avtomobil yolları, limanlar, qovşaqlar faktiki olaraq hazırda dünya iqtisadiyyatının xilası rolunu oynamaqdadır. “Əmin olun ki, yaxın perspektivdə bu amil daha da güclü və bariz şəkildə özünü göstərəcək, həmin o qərb dövlətləri bu marşrutların əhəmiyyətini nəzərə alaraq real addımlar atacaqlar. Azərbaycan ilə Türkiyə başda olmaqla bütün Türk dövlətləri ilə daha sıx münasibətlərin qurulması və mövcud münasibətlərin inkişafı onlar üçün həyati reallıqdır. Zamanında nə deyirdik? XXI əsr Türk əsri olacaq. Məncə, biz artıq Türk əsri haqqında tədricən gələcək zamandan daha çox, indiki zamanda danışmağa öyrəşməliyik. Bu gerçəklik məhz İlham Əliyev kimi böyük Türk Liderinin sayəsində mümkün olub”, -deyə sabiq səfir bildirib.

Mühüm bir məqamı xüsusilə vurğulamaq istədiyini ifadə edən Hulusi Kılıç qeyd edib ki, andiçmə mərasimində Prezident İlham Əliyevin dünyaya verdiyi mesaj olduqca açıq və aydın idi. Azərbaycanın siyasəti tam müstəqil, milli maraqlara söykənən siyasətdir və ondan qəti surətdə geri çəkilməyəcəyik, heç kimə heç bir güzəşt də olmayacaq. Prezident İlham Əliyevin xalqın birmənalı dəstəyi ilə həyata keçirdiyi siyasətinin mahiyyəti məhz budur və biz bununla ancaq qürur duya bilərik. Bu böyük və müqəddəs yolda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bütün Türk liderlərinə uğurlar diləyirəm.

Teqlər: