İlham Əliyev 2 sərəncam, 2 fərman imzaladı

İlham Əliyev 2 sərəncam, 2 fərman imzaladı

12:19

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

AzerTimes sərəncamın mətnini təqdim edir:

1. “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda (bundan sonra – Strategiya) nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini, icrasına nəzarəti və hesabatlılığını Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. icrası davam etməkdə olan konsepsiya, strategiya, dövlət proqramı, milli fəaliyyət planları və bu kimi digər sənədlərin Strategiya ilə əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görsün;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə Strategiyada dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuş tədbirlərin icrası üçün tələb olunan vəsaitin dövlət büdcəsinin 2023‒2026-cı illər üzrə proqnozlarında nəzərdə tutulması ilə bağlı zəruri tədbirlər görsün.

***

Prezident İlham Əliyev “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 2, maddə 135) 2.1-ci və 2.2-ci bəndlərində “2021‒2025-ci” sözləri “2022‒2026-cı” sözləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 684, № 7, maddə 1261; 2017, № 11, maddə 1836) aşağıdakı dəyişikliklər edilsin:

1. 3.1-ci bənddə “3” rəqəmi “10” rəqəmləri ilə əvəz edilsin.

2. 7-ci hissədə “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin.

3. Həmin Fərmanla təsdiq edilmiş “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi”nin 5.1-ci bəndində “3” rəqəmi “10” rəqəmləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 1984 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 1984 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 740) birinci hissəsi aşağıdakı redaksiyada verilsin:

“İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Müşahidə Şurasının sədri

Azərbaycan Respublikasının Baş naziri

Müşahidə Şurasının üzvləri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru.”.

Teqlər: