İldırımsürətli antiterror tədbiri: yeni dövr başladı

İldırımsürətli antiterror tədbiri: yeni dövr başladı

Azərbaycanın Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror tədbirləri dövlətimizin gücünü, Ordumuzun yüksək peşəkarlığını bir daha nümayiş etdirdi. Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılığın əldə olunması artıq nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın tarixində yeni bir səhifənin açıldığını söyləməyə əsas verir.

Bu sözləri AzerTimes-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov 19-20 sentyabrda Ordumuzun həyata keçirdiyi antiterror tədbirləri haqda deyib.

Millət vəkili bildirib ki, Ermənistan üçtərəfli bəyanatın imzalanmasından sonra keçən dövr ərzində Azərbaycanın sülhlə bağlı çağırış və təşəbbüslərini düzgün qiymətləndirə bilmədi, əksinə, münasibətlərin normallaşması ilə əlaqədar danışıqların nəticəyönümlülüyünü azaltmaq, prosesi uzatmaq yolunu seçdi:

“Vətən müharibəsindən sonra Ermənistan, eləcə də onun dəstəyi ilə ərazilərimizdə qurulan xunta rejimi Azərbaycanın sülhsevər siyasətini adekvat dəyərləndirmədi. Bununla da əslində ciddi bir fürsəti əldən vermiş oldular. Azərbaycan Prezidentinin də xalqa müraciətində qeyd etdiyi kimi, vəziyyəti gərginlik həddinə çatdıran Ermənistan tərəfi və artıq ləğv edilmiş xunta rejiminin addımları oldu. Halbuki əgər Ermənistan tərəfi üzərinə götürdüyü öhdəliklərə əməl etsəydi, indiki nəticəyə danışıqlar yolu ilə də çatmaq mümkün idi”.

S.Məmmədov qeyd edib ki, Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri yalnız legitim hərbi obyektləri hədəfə almışdı, dinc sakinlərin qorunması üçün mümkün olan bütün zəruri addımlar atılmışdı:

“Bu, bir tərəfdən yüksək hərbi peşəkarlıq nümunəsi idi, digər tərəfdən, Azərbaycan xalqının, dövlətinin humanist mahiyyətini ifadə edirdi. Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin yaşayış yerlərinin yaxınlığında atəş vasitələri yerləşdirdiyini nəzərə alaraq, dinc sakinlərə mümkün olan bütün vasitələrlə xəbərdarlıq etdi. Azərbaycan zəmanət verdi ki, qanunlara və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq, inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi üçün zəruri tədbirlər görüləcək. Uşaqlara, qadınlara, yaşlılara, əlillərə, yardıma ehtiyacı olan bütün insanlara müvafiq dəstək göstəriləcək. Həmişə olduğu kimi, Azərbaycan dövləti öz sözünün üstündə durdu”.

Millət vəkili əmin olduğunu bildirib ki, Yevlax şəhərində Qarabağın erməni sakinlərinin nümayəndələri ilə aparılan dialoq reinteqrasiya prosesinin sürətlənməsinə imkan yaradacaq:

“Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin reinteqrasiyası qaçılmazdır. Artıq bu geriyə dönüşü olmayan bir prosesdir. Azərbaycan Prezidenti dəfələrlə öz çıxışlarında vurğulayıb ki, Azərbaycan dövlətinin dinc sakinlərlə heç bir problemi yoxdur. Azərbaycan çoxmillətli, çoxkonfensiyalı bir dövlətdir. Bu, bizim xalqımızın sərvətidir. Erməni sakinlərin reinteqrasiyası ilə bağlı proqramın hazırlandığı da bəyan edilib. Bu baxımdan, düşünürəm ki, Azərbaycan dövləti və xalqının tarixində yeni mərhələ başlayır”.

Teqlər: