Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dillər və ictimai fənlər
kafedrasının dosenti Elvüsal Məmmədovun “İlahiyyatçılar üçün
ərəbcə-azərbaycanca lüğət” kitabı nəşr olunub.
Lüğətdə, təxminən, 7100-ə yaxın söz və birləşmənin Azərbaycan
dilində mümkün qarşılığı verilib. Buraya Quran və hədis leksikası,
surələrin adları, Allahın adları, Quranşünaslıq, hədisşünaslıq,
üsulşünaslıq, fiqh, İslam fəlsəfəsi, kəlamşünaslıq, təsəvvüf
terminləri, İslam tarixi və şəxsiyyətlərlə əlaqəli xüsusi adlar,
peyğəmbərin adları, yer adları, İslam etiqadı, ibadət sistemi və
digər anlayışlar daxildir.
Lüğətdə sözlər ərəb əlifbasına uyğun sıralanmışdır. Hər hərfə
aid artiklli sözlər və birləşmələr artiklsiz sözlər və
birləşmələrdən əvvəl əlifba sırası ilə verilmişdir. Leksik korpusun
böyük hissəsini Azərbaycan dilində birbaşa tərcüməsi olan sözlər
təşkil edir. Birbaşa qarşılığı olmayan sözlərin əvvəlcə ərəbcə
versiyasının dilimizin orfoqrafiya qaydalarına uyğun fonem
transliterasiyası, daha sonra isə hərfi mənası və izahı
verilmişdir.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu kitab və
dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir.
“İlahiyyat nəşrləri” adı altında layihəyə müəllimlərimizin və bu
sahədə çalışan mütəxəssislərin kitablarının müxtəlif dillərdən
tərcümə olunan əsərlərinin nəşri daxildir. Eyni zamanda, İnstitutun
qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki
problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən
tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.