Mənzil və obyekt alışına görə də ƏDV geri qaytarılacaq

Prezident İlham Əliyev “Fiziki şəxs olan istehlakçılar
tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi
fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış
yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər
vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiqlənməsi ilə
bağlı fərman imzalayıb.

Trend həmin şərt və qaydaları təqdim edir:

1. Ümumi müddəalar

1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan
Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul
olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış
sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması
Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası
Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs
olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində
bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız
qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş
əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini
və qaydasını tənzimləyir.

1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul
olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış
sahələrinə görə təqdim edilmiş elektron qaimə-faktura üzrə yaşayış
və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı
olmayaraq tətbiq edilir.

1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə
yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30
faizini təşkil edir.

1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış
və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam
şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış
sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV
yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada
ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına
köçürülür.

1.5. Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya)
qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış
sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500
kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə
tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən
artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması
zamanı yaşayış və ya qeyri-yaşayış sahələrinin bir kvadratmetrinin
satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500
kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış
qiyməti daha yüksək olan yaşayış və ya qeyri-yaşayış sahəsi əsas
götürülür.

1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada
ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi
tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə
qaytarılır.

2. Əsas anlayışlar

2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar
aşağıdakı mənaları ifadə edir:

2.0.1. fiziki şəxs – Azərbaycan Respublikasının
vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs;

2.0.2. alıcı – satıcıdan yaşayış və
qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan
istehlakçı;

2.0.3. satıcı – ƏDV ödəyicisi olan və
Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə
məşğul olan şəxs;

2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə
alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə
elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron
qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan
verən proqram təminatının, portalın və vahid elektron məlumat
bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
(bundan sonra – Dövlət Vergi Xidməti);

2.0.5. risk qiymətləndirilməsi – məlumatların
toplanması, vahid elektron məlumat bazasının yenilənməsi, risklərin
təhlili, müvafiq proseslər və onların nəticələrinin mütəmadi
monitorinqi yolu ilə risklərin müəyyən edilməsi, onların
təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər
maraqlarına dəyə biləcək ziyanın dərəcəsinin
qiymətləndirilməsi;

2.0.6. müvəkkil bank – ƏDV-nin qaytarılması
məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və
Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən
müəyyən edilən bank və ya banklar;

2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim
edilməsi
– bina tikintisi fəaliyyəti ilə məşğul olan
şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial
qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən
bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi
üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi;

2.0.8. portal – bu Qaydada nəzərdə tutulmuş
hallarda alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız
qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin
qeydiyyata alındığı informasiya sistemi;

2.0.9. vahid məlumat bazası – operator
tərəfindən idarə olunan, bu Qaydada nəzərdə tutulmuş hallarda
nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə
ödənilmiş ƏDV-nin qaytarılması üçün məlumatların inteqrasiya
olunduğu vahid sistem.

3. Operator

3.1. Operator:

3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin
qaytarılması işlərini təşkil edir;

3.1.2. aşağıdakı tələblərə cavab verən proqram təminatının,
portalın və vahid məlumat bazasının yaradılmasını və idarə
edilməsini təmin edir:

1. alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə
elektron qaimə-fakturaların tərtib edilməsi və həmin elektron
qaimə-fakturalar barədə məlumatların vahid elektron məlumat
bazasına ötürülməsi;

2. alıcıların ƏDV-nin qaytarılması ilə bağlı müraciətlərinin
real vaxt rejimində qəbulu və emal edilməsi;

3. alıcının portal üzərindən daxil etdiyi məlumatlarla satıcının
tərtib etdiyi elektron qaimə-fakturanın məlumatlarının
eyniləşdirilməsi;

3.1.3. proqram təminatının və portalın daim işlək vəziyyətdə
saxlanılmasını və fasiləsiz fəaliyyətini təmin edir;

3.1.4. portaldan istifadəyə dair istifadəçi təlimatını portalda
yerləşdirir.

4. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim
edilməsinin rəsmiləşdirilməsi

4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi
zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV
daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron
qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi
portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt
rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və
çap edərək alıcıya təqdim edir.

4.2. Elektron qaimə-fakturada aşağıdakı məlumatlar
göstərilir:

4.2.1. elektron qaimə-fakturanın seriyası, nömrəsi və
tarixi;

4.2.2. satıcının tam adı, VÖEN-i və təsərrüfat subyektinin
(obyektinin) ünvanı;

4.2.3. alıcının soyadı, adı və atasının adı;

4.2.4. alıcının şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və
verildiyi yer;

4.2.5. alıcının vətəndaşı olduğu ölkənin adı (vətəndaşlığı
olmayan şəxsin daimi yaşadığı ölkənin adı);

4.2.6. obyektin tikintisinə icazə sənədinin rekvizitləri;

4.2.7. tikinti obyektinin istismarına icazə sənədinin (olduğu
halda) rekvizitləri;

4.2.8. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi
barədə sənədin rekvizitləri;

4.2.9. binanın təqdim edilmiş tərkib hissəsinin növü (yaşayış və
qeyri-yaşayış sahəsi);

4.2.10. tərkib hissəsi təqdim edilmiş binanın ünvanı;

4.2.11. yaşayış və qeyri-yaşayış sahələrinin yerləşdiyi mərtəbə
və mənzilin nömrəsi;

4.2.12. binanın təqdim edilmiş tərkib hissəsinin yaşayış və
qeyri-yaşayış sahələri olmasını göstərməklə, hər birinin sahəsi
(kvadratmetrlə);

4.2.13. təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin 1
(bir) kvadratmetrinin satış qiyməti, ƏDV-siz (manatla);

4.2.14. binanın təqdim edilmiş tərkib hissəsinin dəyəri, ƏDV-siz
(manatla);

4.2.15. vergi tutulan əməliyyatlardan hesablanmış ƏDV
(manatla);

4.2.16. cəmi məbləğ (manatla);

4.2.17. yekun;

4.2.18. qaytarılacaq ƏDV-nin məbləği (manatla);

4.2.19. satıcının səlahiyyətli şəxsinin imzası, adı, soyadı və
vəzifəsi;

4.2.20. alıcının imzası, adı və soyadı;

4.2.21. satıcının bank hesabının nömrəsi.

5. ƏDV-nin qaytarılması

5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini
satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan)
gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda
qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet
vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala
göndərir:

5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə
bağlı sənədin surəti;

5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam
dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV
məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq
edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş
sənədi:

1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;

2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının
nömrəsi;

3. ödənişin təyinatı.

5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd
edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar
göstərilir:

5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və
nömrəsi;

5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq
ödəniş).

5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və
qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə
tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına
yol verilmir.

5.4. Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və
qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə
bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində
baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin
düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda,
müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində
çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda
yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün
çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin
çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü
müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə
baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış
müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə
daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının
müraciətindən sonra müddətin axımı bərpa olunur.

5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd
olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən
yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və
risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş
sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə,
operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı
həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda
yaratdığı elektron kabinetə məlumat göndərilir.

5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin
nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu
barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2
(iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron
kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan
inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan
ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec
olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən
əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların
seçimindən asılı olaraq milli və ya xarici valyutada
qaytarılır.

5.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank
əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla
alıcıya ödənilir.

5.9. Müvəkkil bank bu Qaydaya əsasən qaytarılmış ƏDV məbləği
barədə məlumatı ƏDV-nin qaytarıldığı tarixdən 3 (üç) iş günü
müddətində vahid məlumat bazası üzərindən operatora ötürür.

5.10. Operator hər ay qaytarılan ƏDV məbləği ilə bağlı növbəti
ayın 10-dan gec olmayaraq müvəkkil bankla üzləşmə aparır və
tərəflər arasında üzləşmə aktı imzalanır.

5.11. Operator bu Qaydanın 5.10-cu bəndində nəzərdə tutulan
məbləğə dair rəyini ƏDV məbləğinin müvəkkil banka qaytarılması üçün
üzləşmə aktı imzalandıqdan sonra 5 (beş) iş günü müddətində
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

5.12. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qaydanın
5.11-ci bəndində nəzərdə tutulmuş rəy və üzləşmə aktı daxil
olduqdan sonra 3 (üç) iş günü müddətində həmin məbləğin müvəkkil
banka köçürülməsini Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan ƏDV üzrə faktiki
mədaxilin həmin məbləğ həddində azaldılması hesabına təmin
edir.

5.13. Alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə
yetirilməməsi və ya digər səbəblərlə əlaqədar alıcının dəyişməsi
zamanı (yeni alıcı tərəfindən əvvəlki alıcının ödədiyi məbləğ
nəzərə alınmaqla qalıq məbləğin ödənilməsi davam etdirildiyi halda)
satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə
bağlı elektron qaimə-fakturalarda yeni alıcının adına dəqiqləşdirmə
aparır.

5.14. Alqı-satqı müqaviləsi ləğv edildikdə, satıcı Dövlət Vergi
Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura
sistemi vasitəsilə elektron qaimə-fakturanı ləğv etməklə bağlı
müvafiq qeydlər aparır. Alıcı ƏDV-ni geri aldıqdan sonra alqı-satqı
müqaviləsi ləğv edildikdə, satıcı yaşayış və qeyri-yaşayış
sahələrinin ƏDV-siz dəyərini və qaytarılan ƏDV məbləği çıxılmaqla
qalan ƏDV-nin məbləğini alıcıya qaytarır. Satıcı tərəfindən
alqı-satqı müqaviləsinin ləğvi ilə əlaqədar Azərbaycan
Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada müvafiq
dəqiqləşdirmə aparılır və müvafiq hesabat (o cümlədən,
dəqiqləşdirilmiş hesabat) Dövlət Vergi Xidmətinə təqdim edilir.

6. Keçid müddəası

6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı
maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda
qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan
şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və
ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və
qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara
ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV
məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına
ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla
qaytarılır:

6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə
mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam
başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu
vergi orqanına müraciət etdikdə;

6.1.2. bu Qaydanın 5.1.1-ci yarmbəndində nəzərdə tutulmuş
sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış
sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına
ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi
orqanına təqdim edildikdə.

6.2 Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə
alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın
tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi
halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat
portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir.
Bu barədə alıcıya məlumat verilir.

Teqlər: