İlahiyyat Kollecinin binası ilə bağlı rəsmi açıqlama

İlahiyyat Kollecinin binası ilə bağlı rəsmi açıqlama

Bakı İlahiyyat Kollecinin binası ilə bağlı məsələyə aydınlıq gətirilib.

AzerTimes xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İctimaiyyətlə əlaqələr şöbəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı İlahiyyat Kollecinin ilkin mərhələdə Azərbaycan İlahiyyat İnstitutunun binasında yerləşməsi və 2024-2025-ci tədris ilindən fəaliyyətə başlaması nəzərdə tutulur.

Qeyd edək ki, Bakı İlahiyyat Kollecinə qəbul olmaq istəyən abituriyentlər müsahibə mərhələsində iştirak etmək üçün 29 may 2024-cü il tarixinədək Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilən eservices.dim.gov.az link vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Kollecə 2024/2025-ci tədris ili üzrə qəbul yalnız onbirillik orta ixtisas təhsilini başa vurmuş abituriyentlər arasında aparılacaq. Müsahibə mərhələsinin hansı tarixdə keçiriləcəyi DİM tərəfindən elan olunacaq. Bu il Bakı İlahiyyat Kollecinə 20 tələbənin qəbul olunması nəzərdə tutulub.

Xatırladaq ki, 2023-cü ilin dekabr ayında Baş nazir Əli Əsədov Azərbaycan İlahiyyat İnstitutu publik hüquqi şəxsin yanında Bakı İlahiyyat Kolleci publik hüquqi şəxsi yaradılması ilə bağlı qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə DövlətKomitəsinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İlahiyyat İnstitutu” publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxs yaradılıb.

Teqlər: