İlahiyyat İnstitutunun təşkil etdiyi “Qış məktəbi” davam edir (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Lənkəran rayonunda təşkil etdiyi “Din, mədəniyyət və cəmiyyət-3” mövzusunda “Qış məktəbi”nin ikinci günü seminar və ziyarətlərlə davam edib.

Günün birinci yarısında tələbələr üçün “ZOOM” platforması üzərindən İzmir Katip Çelebi Universitetinin rektoru, professor Saffet Köse ilə onlayn görüş təşkil edilib. Aİİ rektoru Aqil Şirinov vebinarda açılış nitqi ilə çıxış edərək, qonaq haqqında geniş məlumat verib.

Daha sonra “İlahiyyat nədir? İlahiyyat elminin dəyəri” mövzusunda çıxış edən professor Saffet Köse dinin əhəmiyyəti, mahiyyəti haqqında geniş söhbət açıb, dinin doğru və düzgün şəkildə tədrisinin vacibliyinə toxunub. Vurğulayıb ki, din doğru mənbələrdən insanlara çatdırılmasa bu, fəlakətə gətirib çıxara bilər. Professor, həmçinin İslam elmlərinin hər birinin əhəmiyyətinə toxunub, bu elmlərin interdisiplinar metodla öyrənilməsinin vacibliyini qeyd edib.

Aİİ rektoru qonağa dərin məna və məzmun kəsb edən çıxışına görə minnətdarlığını bildirib.

Layihə iştirakçıları günün ikinci yarısında Lənkəran Şəhər Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər. Burada tələbələrə muzey haqqında geniş məlumat verilib. Qeyd olunub ki, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi 1924-cü ildən rəsmi olaraq fəaliyyətə başlayıb. 1991-ci ildən Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi Mir Əhməd xanın sarayına köçürülüb. Bu abidə Lənkəranın ilk çoxmərtəbəli binasıdır. Hazırda muzeydə 6610 ədəd eksponat mühafizə olunur. Muzeydəki eksponatlar Lənkəranın zəngin tarixini, mədəniyyətini, adət-ənənələrini əks etdirir.


Daha sonra tələbələr Xocalı Soyqırımı Abidəsini ziyarət edib, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

“Kiçik Bazar” məscidini ziyarət edən tələbələrə tarixi-dini abidə haqqında geniş məlumat verilib. “Kiçik Bazar” məscidi 1906-cı ildə Lənkəranda inşa edilmişdir. Məscid indiyədək əvvəlki görkəmini saxlayıb, hazırda dövlət tərəfindən mühafizə olunur. Burada eyni vaxtda 250 nəfər namaz qıla bilir. Bildirilib ki, əvvəllər məscidin minarəsi olsa da, Sovetlər dövründə dağıdılıb. Azərbaycan Respublikası yenidən müstəqillik qazandıqdan sonra minarə bərpa edilib.

Xatırladaq ki, fevralın 11-nədək davam edəcək “Qış məktəbi”nin təşkilində əsas məqsəd tələbələrin dünyagörüşlərinin zənginləşdirilməsi, onların ölkəmizdə mövcud multikultural durum və tolerant mühitin canlı şahidi olmalarıdır.

Teqlər: