Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) elmi fəaliyyətinin əsas
göstəricilərindən biri olan “Din araşdırmaları” jurnalının yeddinci
sayı çapdan çıxıb.
İldə iki dəfə dərc olunan jurnalın yeni sayında 16 məqalə yer
alıb. Din sosiologiyası, Təfsir, Kəlam, Hədis, Tarix, İslam
məzhəbləri tarixi, Fəlsəfə, Qiraət və təcvid, İslam hüququ və
Multikulturalizm bölmələrindən ibarət olan nüsxədə qələmə alınmış
elmi məqalələr öz sahəsinin peşəkar və nüfuzlu tədqiqatçıları
tərəfindən təqdim edilmişdir.
Jurnalın məqsədi ölkəmizdə və dünyada din sahəsində tədqiqat
aparan alimlərin məqalələrini elmi ictimaiyyətə təqdim etməkdən
ibarətdir. Dərgidə Azərbaycan və türk dillərində də məqalələr dərc
olunub. Redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə,
Rusiya, İran və İsveçrənin ali təhsil müəssisələrində çalışan
tanınmış alimlərdir.
Jurnalın nəşr qaydaları Azərbaycan Respublikasının Prezidenti
yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar
qarşısında qoyduğu tələblərə, həmçinin bu sahədəki beynəlxalq
standartlara uyğun olaraq hazırlanıb.
Azərbaycan İlahiyyat İnstitutu ali dini təhsil üzrə
ixtisaslaşmış müəssisədir. İnstitut din sahəsi də daxil olmaqla,
ictimai elmlərin müxtəlif istiqamətlərində monoqrafiya, dərslik,
dərs vəsaiti, proqram və məqalələrin nəşrinə üstünlük verir.
Məlumat üçün bildirək ki, akademik nəşrlər ali təhsil
müəssisələrinin elmi fəaliyyətinin əsas göstəricilərindən biridir.
Gələcəkdə “Din araşdırmaları” jurnalının tanınmış beynəlxalq
indekslərə daxil edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Din araşdırmaları” jurnalı 2020-ci ildən AAK
tərəfindən fəlsəfə və psixologiya üzrə elmi məqalələrin dərc
olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil
edilib.