İlahiyyat İnstitutunda Xocalı soyqırımının 30-cu ildönümü anılıb (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Xocalı soyqırımının
30-cu ildönümü ilə əlaqədar anım tədbiri təşkil olunub.

Tədbirdə Aİİ-nin nəşr etdirdiyi “Erməni Təcavüzünün Tanıdılması”
İctimai Birliyinin sədri Səriyyə Cəfərovanın “Geriyə baxma”
kitabının təqdimat mərasimi keçirilib.

Əvvəlcə Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik ehtiram
sükutu ilə anılıb.

Ali təhsil müəssisəsinin rektoru Aqil Şirinov çıxış edərək,
Xocavənd rayonunun Qaradağlı kəndində ermənilərin törətdiyi
soyqırımı qurbanlarının xatirəsini yad edib.

Daha sonra A.Şirinov fevralın 25-dən 26-na keçən gecə baş vermiş
qətliamın dünyada görünməyən ən dəhşətli soyqırımlarından biri
olduğunu, bu günlərdə Xocalı sakinlərinin xüsusi amansızlıqla
öldürüldüklərini qeyd edib. Bildirib ki, Xocalı soyqırımına dünya
səviyyəsində hüquqi qiymət verilməli və bu dəhşətli faciəni
törədənlər öz layiqli cəzalarını almalıdırlar.

Aİİ rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Sərəncamına
diqqət çəkərək qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutu da
faciənin tanıdılması məqsədilə silsilə tədbirlər həyata
keçirəcək.


A.Şirinov daha sonra bildirib ki, xalqımız 44 günlük Vətən
müharibəsi zamanı işğal altında olan torpaqlarını azad edərək,
erməni faşistlərinə layiqli cavabını verib.

Vətən müharibəsinin davam etdiyi günlərdən bəhs edən A.Şirinov
ermənilərin məkrli siyasətindən də danışıb. Rektor günahsız, dinc
əhaliyə qarşı Bərdədə, Gəncədə törədilən terror aktlarına diqqət
çəkib.

Daha sonra “Geriyə baxma” kitabının müəllifi Səriyyə Cəfərova
çıxış edib. Kitab haqqında geniş məlumat verən S.Cəfərova bildirib
ki, əsər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni
vandalları tərəfindən törədilmiş Xocalı soyqırımından bəhs edir.
Soyqırımı zamanı 613 nəfər şəhid olmuşdur – onlardan 70 nəfəri
ahıldır. Müəllif vurğulayıb ki, bu insanların faciəli həyatı
kitabda öz əksini tapıb.

Tədbirdə Xankəndi Məcburi Köçkünlərə Sosial Dəstək İctimai
Birliyinin sədri Xatirə Vəliyeva çıxış edərək, xatirələrini
bölüşüb.

Sonda Xətai rayonu şəhid Asəf Ağayev adına 25 saylı orta
məktəbin şagirdləri çıxış edərək, Xocalıya aid şeirlər
səsləndiriblər.

Teqlər: