İlahiyyat İnstitutunda tələbə seminarı keçirilib (FOTO)

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Gənclər Təşkilatının
(TGT) təşəbbüsü ilə ali təhsil müəssisəsində seminar keçirilib.

“Tələbə seminarları” layihəsi çərçivəsində Aİİ İlahiyyat
fakültəsinin IV kurs tələbəsi Fərid Qasımzadə “İslamla mənəvi
terapiya” mövzusunda çıxış edib.

Mövzu haqqında geniş məlumat verən Fərid Qasımzadə bildirib ki,
İslam insanların mənəvi ehtiyaclarını təmin edən əsas amildir. O
bildirib ki, inanc fərdin düşmüş olduğu bütün depressiv hallarda
onun bu vəziyyətdən çıxmasına təkan verən ən güclü motivasiyalardan
biridir. Günümüzdə mənəvi böhran və dəyər çatışmazlığı yaşayan
insanların bu vəziyyətdən qurtula bilməsində inancın, xüsusilə
İslam dininin rolunu qeyd edən məruzəçi Azərbaycan İlahiyyat
İnstitutu tələbələrinin də məsuliyyət daşıdığını vurğulayıb.

F.Qasımzadə daha sonra qeyd edib ki, İnstitutun hər bir tələbəsi
cəmiyyətin onlara olan ehtiyacını dərk etməli, bu istiqamətdə
yüksəkixtisaslı kadr olmaq üçün çalışmalıdır. Əxlaqi və mənəvi
keyfiyyətlərə sahib olmanın hər bir ilahiyyatçı üçün zəruriliyini
qeyd edən məruzəçi digər mövzulara da toxunub.

Məlumat üçün bildirək ki, Aİİ Tələbə Gənclər Təşkilatının
“Tələbə seminarları” layihəsi çərçivəsində ali təhsil müəssisəsinin
tələbələri tərəfindən seminarlar təşkil olunur. Məqsəd tələbələrin
bilik səviyyələrinin, bacarıq imkanlarının nümayiş etdirilməsi,
elmi fəaliyyətə marağın artırılması, bu yöndə onların fəallığına
nail olmaqdır.

Seminar müzakirələrlə davam edib.

Teqlər: