Özbəkistan Beynəlxalq İslam Akademiyası (ÖBİA) ilə əməkdaşlıq
müqaviləsi çərçivəsində sözügedən ali təhsil müəssisəsinin
“Dinşünaslıq” ixtisaslaşması üzrə təhsil alan beş magistrantı
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) təcrübə keçəcək. Səfər
çərçivəsində ÖBİA-nın əməkdaşları Aİİ tələbələri üçün seminarlar
verəcəklər.
Aİİ rektoru Aqil Şirinov qonaqlarla görüşüb, onları ali təhsil
müəssisəsində görməkdən məmnun olduğunu ifadə edib. Rektor
İnstitutun fəaliyyəti, qarşıda duran məqsəd və hədəflər haqqında
geniş məlumat verib. Bildirib ki, ali təhsil müəssisəsində
bakalavr, magistratura və doktorantura səviyyələri üzrə dövlət
sifarişi üzrə qəbul həyata keçirilir.
A. Şirinov Aİİ-də təhsilin keyfiyyətini xüsusi vurğulayaraq qeyd
edib ki, burada keçirilən fənlər ərəb və ingilis dillərində sərbəst
mühazirə deyə bilən, öz sahəsinin peşəkar mütəxəssisləri tərəfindən
tədris olunur.
Aİİ rektoru daha sonra ali təhsil müəssisəsinin yeni binasının
istifadəyə verildiyini qeyd edib. A.Şirinov Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin açılışda şəxsən
iştirak etdiyini bildirərək ölkəmizdə dövlət-din münasibətlərinə
xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb.
ÖBİA-nın Xarici tələbələrlə iş üzrə şöbəsinin müdiri Navruzbek
Abdullajonov və Akademiyanın müəllimləri prof., doktor Nilufar
Batirova, prof., doktor Mokhira Abdullayeva təmsil etdikləri təhsil
müəssisəsi haqqında geniş məlumat veriblər. Onlar çıxışları zamanı
bildiriblər ki, qarşılıqlı əməkdaşlıq çərçivəsində tələbələrimizin
Aİİ-də təcrübə keçmələri böyük əhəmiyyət kəsb edir. Qonaqlar
Aİİ-nin tələbə və müəllimlərini ÖBİA-da mübadilə proqramı
çərçivəsində təcrübə keçməyə dəvət ediblər.
Qeyd edək ki, Aİİ-nin qarşısına qoyduğu məqsədlərdən biri də ali
təhsil müəssisəsinin dünya miqyasında tanınmasına nail olmaqdır. Bu
istiqamətdə İnstitut ilahiyyat sahəsində tanınmış dünya
universitetləri ilə əlaqələr yaradır, ikitərəfli əməkdaşlığa dair
memorandumlar və müqavilələr imzalayır. Hazırda əməkdaşlıq
müqaviləsi çərçivəsində Aİİ-nin tələbələri xarici ölkə
universitetlərində ilahiyyat sahəsi üzrə təhsillərini davam
etdirirlər.