ADU-da “Azərbaycanı zəfərə aparan Lider” adlı konfrans keçirilib (FOTO)

Azərbaycan Dillər Universitetində (ADU) 2018-ci il aprelin 11-də
cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti
seçilməsinə həsr olunmuş “Azərbaycanı zəfərə aparan Lider”
mövzusunda konfrans keçirilib. Tədbirdə Milli Məclisin deputatı,
YAP Təftiş Komissiyasının üzvü professor Elman Nəsirov, Milli
Məclisin deputatı, ADU-nun prorektoru Tamam Cəfərova, Milli
Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü Vüqar İsgəndərov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər
Süleymanov və digər qonaqlar iştirak edib.

ADU-nun rektoru, xalq yazıçısı, akademik Kamal Abdulla tədbir
iştirakçılarını salamlayıb, qonaqları universitetdə görməkdən
məmnun olduğunu bildirib. Ümummilli lider Heydər Əliyevin siyasi
kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin dövləti,
xalqı Zəfərə aparan lider olduğunu qeyd edib:

“Bu gün Azərbaycan özünün ən güclü, ən inamlı və ən uğurlu
illərini yaşayır. 44 gün davam edən Zəfər salnaməmizlə Müzəffər
öndərimiz Azərbaycanın gücünü, potensialını bütün dünyaya sübut
etdi. Bütün dünya bu gün Azərbaycan xalqının həm mədəniyyətini, həm
intellektual səviyyəsini, həm döyüş bacarığını, həm onun diplomatik
gücünü gördü və bir daha biz öz bildiyimiz adekvat həqiqətimizi
dünyaya çatdırdıq. Dünyanın son dərəcə qarışıq bir dövründə bu işi
bacarmaq asan məsələ deyildi. Biz bunu bacardıq, Ali Baş Komandan
İlham Əliyevin sayəsində, şəhidlərimizin sayəsində, qazilərimizin
sayəsində, xalq olaraq yumruq kimi birləşib böyük tarixi qələbəmizə
imza atdıq. Cənab Prezident uzaqgörən siyasəti, müdrik addımları və
cəsarətli qərarları ilə Azərbaycanı daha da gücləndirdi,
Azərbaycanın haqq işini bütün dünyaya çatdıra bildi. Ali Baş
Komandan sübut etdi ki, o, xalqın yanındadır və xalq da hər zaman
onun yanındadır.”

Milli Məclisin üzvü, professor Elman Nəsirov tədbirin
əhəmiyyətindən danışıb, “Müzəffər Prezident və onun xarici siyasət
doktrinası” mövzusunda çıxış edib. Millət vəkili Elman Nəsirov
bildirib ki, Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini və
Ermənistanın işğalçılıq siyasətinin mahiyyətini açmaq üçün daim
beynəlxalq tribunalardan maksimum istifadə edib:

“Növbəti dəfə xalqdan etimad mandatı alan Prezident İlham
Əliyevin rəhbərliyi altında son 4 ildə Azərbaycan öz inkişafının
keyfiyyətcə yeni mərhələsinə daxil olmuşdur. Bu mərhələ bütün
sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlar ilə
xarakterizə olunur. Dövlətimizin başçısı tərəfindən “tərəqqi,
təkamül və yeni şəraitə uyğunlaşma” kimi qiymətləndirilən
dərinləşən islahatlar kursu sosial-iqtisadi, hüquq-məhkəmə, siyasi,
struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və
dinamikdir.”

Milli Məclisin üzvü Vüqar İsgəndərov gənclərin idarəetmədə
rolundan danışıb, “Prezident İlham Əliyev və gənclər siyasəti”
mövzusunda çıxış edib. Qeyd olunub ki, gənclərin savadlı, bilikli
və peşəkar olması Azərbaycanın inkişafı deməkdir:

“Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun
həm bu günüdür, həm də sabahıdır, ümididir”. Ulu Öndər Heydər
Əliyev bu fikirləri xalqımızın gələcəyi olan gənclərimiz üçün
səsləndirmişdir. Ulu Öndərin gənclər siyasətini bu gün də uğurla
davam etdirən cənab Prezident İlham Əliyev gənclərin maariflənməsi,
inkişafı üçün böyük addımlar atmışdır. Cənab Prezidentin
fəaliyyətində gənclər siyasəti əsas prioritetlərdən biridir. İlham
Əliyevin gənclərə olan diqqəti hər zaman göz önündədir.”

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov “Yeni
Azərbaycan Partiyasının 2018-ci il aprelin 11-də keçirilmiş
prezident seçkilərində rolu” mövzusunda çıxış edərək bildirib ki,
Ulu öndər Heydər Əliyev Azərbaycanı parçalanmaqdan qorudu, yeni
Azərbaycan daha güclü və daha qüdrətli oldu. Bu gün onun siyasətini
uğurla davam etdirən Cənab Prezident Azərbaycanı qalib xalq kimi
dünyaya tanıtdı. Qeyd olunub ki, xalqımız hər zaman dövlət başçısı
İlham Əliyevin ətrafında sıx birləşib:

“Bu həmrəyliyin bariz nümunələrindən biri də məhz 44 günlük
Vətən müharibəsində öz təsdiqini tapıb. Məhz Ali Baş Komandan cənab
İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan ordusunun əzmi,
gücü, hərbi üstünlüyü və xalqımızın birliyi sayəsində tarixi
torpaqlarımız işğaldan azad olunub.”

ADU-nun Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti
Namiq Kərimov “Azərbaycanın yaratdığı yeni iqtisadi reallıqlar:
Cənub Qaz Dəhlizi” mövzusunda çıxış edərək Azərbaycanın beynəlxalq
aləmdə iqtisadi uğurlarından danışıb. Əsası Ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulan dünya miqyaslı iqtisadi layihələrin
Azərbaycanı güclü bir dövlətə çevirdiyi vurğulanıb. Qeyd olunub ki,
beynəlxalq layihələr Azərbaycanı güc mərkəzi kimi qəbul olunmasına
şərait yaradıb və bütün bunlar məhz Cənab Prezidentin müdrik
siyasətinin nəticəsində baş verib.

“Azərbaycançılıq ideologiyasının gəncliyin formalaşmasında rolu”
mövzusunda çıxış edən ADU Tələbə Gənclər Təşkilatının sədri Elşən
Hüseynli Azərbaycançılıq ideologiyasından, xalqın bu dövlət
ideologiyası ətrafında birləşməsindən, dövlət ideologiyasının
gəncliyin formalaşmasındakı rolundan, dövlətin gənclərə olan
qayğısından danışıb. Gənclərin daima dövlətin yanında olduğunu və
Azərbaycanın inkişafı üçün bütün gənclərin səfərbər olduğunu
bildirib.

Teqlər: