İlahiyyat İnstitutu Cəlilabadda abituriyentlərlə görüş təşkil edib (FOTO)

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2022-2023-cü tədris ili
üzrə ali təhsil müəssisəsinə yüksəkintellektli və savadlı gənclərin
cəlb olunmaları məqsədilə respublikanın bir sıra bölgələrində
yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün
maarifləndirici xarakterli məlumatlandırma tədbirlərinə başlayıb.
İnstitut heyətinin növbəti səfəri Cəlilabad rayonuna olub.

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini Elnarə
Həsənova tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, Prezident
cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sisteminin
inkişafı ilə bağlı aparılan islahatlar dövlətin həyata keçirdiyi
sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. O,
Aİİ-nin yeni binasının açılış mərasiminə diqqət çəkərək bildirib
ki, respublikamızın təhsil müəssisələrinin maddi-texniki bazasının
gücləndirilməsi istiqamətində mühüm işlər görülüb və proses hazırda
da davam edir. Bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər
ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin
böyük nailiyyətlər qazanmasına gətirib çıxarır.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov
ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük
önəm verildiyini diqqətə çatdırıb. M.Mürsəlov Prezident İlham
Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan
İlahiyyat İnstitutunun yaradılmasını, eyni zamanda, ali təhsil
müəssisəsinin yeni binasının açılış mərasimində ölkə başçısının
şəxsən iştirakını buna bariz nümunə kimi göstərib. Nəzərə çatdırıb
ki, İnstitutun yeni binasında tələbələr üçün lazımi şərait
yaradılıb.

Prorektor ali təhsil müəssisəsinin məqsəd və hədəfləri haqqında
da ətraflı məlumat verib. M.Mürsəlov bildirib ki, Aİİ-yə qəbul
olunmuş hər abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılmış
lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam
yararlanacaq.

İlahiyyat İnstitutu Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov
tələbələrin daha yaxşı təhsil almaları üçün ali təhsil
müəssisəsində yaradılan şəraitdən söhbət açıb. Anar Qafarov,
həmçinin tədris prosesi, keçirilən fənlər haqqında məlumat verib.
Qeyd edib ki, İnstitut kollektivi gənclərin zəngindünyagörüşlü,
dərin dini və dünyəvi biliklərə yiyələnən bacarıqlı kadrlar kimi
yetişmələri istiqamətində səylə çalışır.

Aİİ Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova
təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin
hansı formada təşkil olunduğu, həmçinin mövcud ixtisaslar haqqında
geniş məlumat verib. O, müəssisənin fəaliyyəti, səfərləri,
tələbələr üçün təşkil edilən yay və qış məktəbləri barədə
danışıb.

Tədbirdə abituriyentlərə, orta məktəb müəllimlərinə, aidiyyəti
dövlət qurumlarının nüməyəndələrinə Aİİ-nin tanıtım videoçarxı,
ictimai fəaliyyətini əks etdirən materiallar nümayiş etdirilib.

Teqlər: