İkinci turun nəticəsini o həll edəcək – Gökçə

İkinci turun nəticəsini o həll edəcək – Gökçə

Türkiyədə dünən həm prezident, həm də parlament seçkiləri həyata keçirildi. Seçki prosesində bir neçə kiçik insident istisna olmaqla, ümumi sabitliyə zərər verəcək ciddi bir hadisə, qarşıdurma yaşanmadı. Bu, xalqımızın yüksək seçki mədəniyyətinə və demokratik dəyərlərə sahib olduğunu göstərir. Xüsusilə bəzi xarici mərkəzlərin ölkəmizdə çaxnaşma və qarışıqlıq, qarşıdurma çıxarmaq planları puç oldu, arzuları ürəklərində qaldı. Olduqca sevindiricidir.

Bu sözləri AzerTimes-a dünən Türkiyədə keçirilən seçkilərin nəticələri və qarşıda gözlənilən ikinci turla bağlı danışan Türkiyənin Qaziantep Universitetinin müəllimi, terror və təhlükəsizlik ekspert Əli Fuad Gökçə deyib.

Alim prezident seçkilərinin ikinci mərhələyə qalacağının artıq ciddiləşdiyini bildirib:

“Parlament seçkilərində Cümhur İttifaqı 321 yeri qazanaraq qalib gəldi, Millət İttifaqı isə 213 millət vəkili ilə ikinci yerdədir. Doğrudur, 321 yer qanunların qəbulu və s. kimi məsələlərdə olduqca önəmli gücdür, lakin cənab Ərdoğanın da çox istədiyi yeni konstitusiya qəbulu məsələsinə bu, kifayət etmir. Yəqin ki, qarşıdakı dönəmdə parlament açılanda sözügedən məsələdə iqtidar digər partiyalardan kömək istəyəcək. Prezident seçkilərində isə bu saata olan nəticələrə görə, Rəcəb Tayyib Ərdoğan 49,42%, Kamal Kılıçdaroğlu isə 44,95% səs toplayıb. Xaricdə toplanan səslər isə ölkəmizdəki səslərə bölünür və əldə olunan əmsal prezidentlərin topladığı səslərə əlavə olunur. Bu halda bəhs etdiyimiz səslərin nəticələrə 0,5-0,7% təsiri gözlənilir. Ancaq yenə də prezident seçkilərinin ikinci tura qalması olduqca yüksəkdir”.

Gökçə ikinci mərhələdə həm Sinan Oğanın namizədi olduğu ATA İttifaqının verəcəyi qərarın, həm də seçkidə iştirak etməyən vətəndaşların həlledici rol oynaya biləcəyini vurğulayıb:

“Təbii, burada ATA İttifaqının namizədi Sinan Oğan önəmli faktordur. Oğanın səsi 5,21%-dir, 2 milyon 824 min vətəndaşımız ona səs verib. Məhərrəm İncənin seçicilərinin bir qisminin də öz səslərini Oğana verdiyini demək mümkündür. Onun özünün topladığı nəticə isə 4%-ə yaxındır. İkinci turun keçiriləcəyi təqdirdə, həm Ümid Özdağ, həm də Sinan Oğan vəziyyəti bütün təfsilatı ilə müzakirə etdikdən sonra qərarlarını verəcəklərini açıqladı. Eyni zamanda dünən gecə Kılıçdaroğlu da Sinan Oğanla görüşdü. Əlbəttə, ortada bütün tərəflərlə bağlı müxtəlif ssenarilər var. Ancaq Sinan Oğana səs verən Məhərrəm İncə tərəfdarlarının ikinci turda öz səslərini Kılıçdaroğluna verməsi də mümkündür. Lakin Oğanı dəstəkləyən milliyyətçi kəsimin növbəti turda Kılıçdaroğlunun yerinə Ərdoğanı dəstəkləmə ehtimalı daha çoxdur”.

Teqlər: