İkinci Qarabağ müharibəsi dronların döyüş əməliyyatlarında uğurlu istifadəsinin ilk nümunəsidir – Xarici KİV

Kamikadze dronlar ilk dəfə ikinci Qarabağ müharibəsi zamanı real
döyüş əməliyyatlarında uğurla istifadə edilib.

Trend-in
məlumatına görə, bu barədə “Popular Mechanics” portalında dərc
olunan materialda deyilir.

Məqalədə qeyd olunur ki, Rusiya Ukraynada yeni KYB pilotsuz uçuş
aparatlarından istifadə edir, ABŞ hökuməti isə mart ayında Ukrayna
Silahlı Qüvvələrinə 100 yeni “Switchblade” PUA-sı göndərəcəyini
açıqlayıb.

Müəllif bildirir ki, dronların ikinci Qarabağ müharibəsi zamanı
Azərbaycan tərəfindən uğurlu istifadə təcrübəsindən sonra bu gün
Ukraynada döyüş əməliyyatları zamanı PUA-lardan istifadə
olunur.

Eyni zamanda, “The Conversation” portalında dərc olunan məqalədə
də Azərbaycanın hərbi əməliyyatlar zamanı PUA-lardan uğurla
istifadə etməsi qeyd olunur.

“İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan pilotsuz uçuş
aparatlarından kəşfiyyat, artilleriya və reaktiv yaylım atəşi
sistemlərini hədəfə almaq və əməliyyat vəziyyəti haqqında tam
təsəvvür formalaşdırmaq üçün istifadə edib. Dronlardan əldə edilən
məlumatların mükəmməl koordinasiyasına misal olaraq Ermənistan
silahlı qüvvələrinin Xocavənd müharibəsi zamanı istifadə etdiyi
hava hücumundan müdafiə sisteminin məqsədyönlü şəkildə məhv
edilməsi göstərilib”, – məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, Azərbaycan taktiki silah olan pilotsuz
uçuş aparatlarından operativ və strateji səviyyədə səmərəli
istifadə edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: