İkinci Dünya müharibəsi iştirakçılarına 1500 manat birdəfəlik yardım ödənilib

Prezident İlham Əliyevin 19 aprel 2022-ci il tarixli
Sərəncamının icrası olaraq, İkinci Dünya müharibəsində Qələbənin
77-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi həmin müharibədə iştirak etmiş şəxslərin – 81 nəfərin hər
birinə 1500 manat məbləğində birdəfəlik maddi yardım ödəyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən
Trend
-ə verilən məlumata görə, Sərəncamla Nazirlik həmçinin
İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş
döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar
əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci
Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud
döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və
donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi
birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə
Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı
ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi
iştirakçılarına, ümumən 4233 nəfərin hər birinə də 750 manat
məbləğində birdəfəlik maddi yardımın ödənişini həyata keçirib.

Sərəncam çərçivəsində ümumilikdə 4314 nəfər Prezidentin ehtiyat
fondundan ayrılmış vəsait hesabına birdəfəlik maddi yardımla təmin
edilib.

Teqlər: