Türkiyənin Konya şəhərində karate üzrə yeniyetmə və gənclər arasında dünya çempionatında karateçilərimiz uğurla çıxış edirlər.
AzerTimes xəbər verir ki, yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Anar Allahverdiyev Azərtac-a bildirib ki, karateçilərimizdən ikisi final görüşünə vəsiqə qazanıb, beşi isə bürünc medal qarşılaşmasında iştirak edəcək.
Sabah gənclərin yarışında (16-17 yaş) Fərid Savadov (55 kq) qızıl, Rəşid Süleymanov (68 kq) və yeniyetmələrdə (14-15 yaş) İsmayıl Xamoyev (52 kq) bürünc medallar uğrunda mübarizə aparacaqlar.
Növbəti gün isə 18-20 yaşlı gənclər arasında Əminağa Quliyev (60 kq) qızıl, Nuran Rzazadə (67 kq), Hüseyn Hüseynzadə (84 kq), Osman Osmanlı (+84 kq) üçüncü yerlər uğrunda qarşılaşmalarda iştirak edəcəklər.
Oktyabrın 30-dək davam edəcək və 105 ölkədən 1861 idmançının qatıldığı turnirdə Azərbaycan 28 idmançı ilə təmsil olunur.