İkinci Qarabağ savaşı kimi genişmiqyaslı müharibənin olacağına inanmıram. Çünki Ermənistan ordusunu darmadağın etmişik. Ordunun psixoloji baxımdan bərpası, silah-sursatla təmin edilməsi, peşəkar döyüşçülər hazırlanması xeyli vaxt alacaq. Böyük müharibə o halda baş verə bilər ki, İran və Rusiya açıq formada müharibəyə qoşulsun. Bu isə real deyil.
AzerTimes xəbər verir ki, bu sözləri millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev Ermənistanla 3-cü müharibənin olacağı haqda iddialara münasibət bildirərkən deyib.
“Amma bizim Daxili Qoşunların, yaxud ayrı-ayrı qoşun növlərinə aid xüsusi təyinatlıların ölkə daxilində anti-terror əməliyyatı həyata keçirməsini heç vaxt istisna etməmişəm. Çünki Ermənistan 10 nayabr 2020-ci il sazişi üzrə öz öhdəliklərini yerinə yetirmir. Nə vasitəçi Rusiya, nə də bölgədə marağı olan digər güclər Ermənistana öz öhdəliklərini yerinə yetirməsi üçün təzyiq etmir. Hakimiyyət hərisi Paşinyanın vəzifəsini itirmək qorxusundan Qərblə Rusiya arasında “var-gəl etməsi” həm özünə, həm də ölkəsinə yaxşı heç nə vəd etmir”, – millət vəkili bildirib.