İƏT Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün lazımi səyləri göstərəcək

Martın 23-də Pakistan İslam Respublikasının İslamabad şəhərində
keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri
Şurasının (XİNŞ) “Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın
qurulması” mövzusunda 48-ci sessiyasında “Xocalı qırğınının
qurbanları ilə həmrəylik” adlı qətnamə qəbul edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AzerTimes-a verilən məlumata
görə, qətnamədə 1992-ci ilin fevral ayında Azərbaycanın Xocalı
şəhərində və digər işğal edilmiş ərazilərində Ermənistan
Respublikasının silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki
əhali və hərbi şəxslərə qarşı törədilmiş kütləvi vəhşiliklər qəti
şəkildə pislənilib və üzv dövlətlər münaqişə dövründə Azərbaycanın
Xocalı şəhəri və işğal edilmiş digər ərazilərində törədilmiş
cinayətlərin müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və
soyqırımı kimi yerli və beynəlxalq səviyyədə tanınması
istiqamətində lazımı səy göstərməyə səslənilib.

Qətnamədə, həmçinin “Xocalıya ədalət” beynəlxalq təşviqat
kampaniyasının fəaliyyəti yüksək qiymətləndirilib və üzv dövlətlər
kampaniyanı dəstəkləməyə və onun fəaliyyətində yaxından iştirak
etməyə dəvət edilib.

Teqlər: