İƏT XİN Şurasının iclasında Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı ilə bağlı bir neçə qətnamə qəbul edilib (FOTO)

22-23 mart 2022-ci il tarixlərində Pakistan İslam
Respublikasının İslamabad şəhərində İslam Əməkdaşlıq Təşkilatı
(İƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) “Birlik, ədalət və
inkişaf naminə tərəfdaşlığın qurulması” mövzusunda 48-ci sessiyası
keçirilib.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, sessiya İslam dünyası
ilə bağlı bir çox mövzuları, o cümlədən Fələstin və Qüds Əl-Şərif
məsələsi ilə bağlı qəbul edilmiş qətnamələrin həyata keçirilməsi
üzrə İƏT Baş Katibliyinin fəaliyyətini və Niamey 2020-də keçirilən
son XİNŞ-dən sonrakı müddətdə təhlükəsizlik vəziyyəti müzakirə
edilib. Sessiyada, həmçinin digər siyasi məsələlər, xüsusilə
Əfqanıstandakı hadisələr və onun əfqan xalqı üçün humanitar
nəticələri, Cammu və Kəşmirdəki vəziyyət müzakirə olunub.

Azərbaycanı tədbirdə xarici işlər nazirinin müavini Elnur
Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Sessiyada
çıxış edərək nazir müavini bir sıra fundamental məsələlərə dair
ölkəmizin mövqeyini iştirakçıların diqqətinə çatdırıb.

İƏT XİNŞ-in 48-ci clası çərçivəsində Ermənistanın Azərbaycana
qarşı təcavüzünün nəticələri ilə bağlı siyasi, iqtisadi və mədəni
məsələləri əhatə edən “Ermənistan Respublikasının Azərbaycan
Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan
qaldırılması”, “Azərbaycan Respublikasına iqtisadi yardım
göstərilməsi”, “Ermənistan Respublikasının təcavüzü nəticəsində
Azərbaycanın ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni
abidələrin dağıdılması” və “Xocalı qırğınının qurbanları ilə
həmrəylik” adlı dörd qətnamə qəbul edilib. Qeyd etmək istərdik ki,
İƏT tərəfindən ənənəvi olaraq hər il qəbul olunan bu qətnamələrə
bölgədəki son vəziyyət nəzərə alınmaqla yeni müddəalar daxil
edilib.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı
təcavüzünün nəticələrinin aradan qaldırılması” adlı qətnamədə
Azərbaycanın cavab əməliyyatları nəticəsində işğal olunmuş
ərazilərini azad etməsi və hərbi əməliyyatların dayandırılması üzrə
2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı üzv ölkələr
tərəfindən alqışlanıb. Ermənistan və Azərbaycan arasında
münasibətlərin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və
beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət
edilməsi əsasında əlaqələrin normallaşdırılmasına çağırış edilib.
Həmçinin Ermənistanın beynəlxalq hüququ pozaraq, bütün minalanmış
ərazilərin hərtərəfli və dəqiq xəritələrini və minalanmış sahələrin
yerləşdiyi yerlərə dair digər məlumatları təqdim etməkdən davamlı
boyunqaçırması pislənilib və Azərbaycan hökuməti və xalqının öz
ölkəsinin müdafiəsi və onilliklər boyu davam edən erməni təcavüzü
və işğalının ağır nəticələrinin aradan qaldırılması üçün göstərdiyi
səylərlə tam həmrəylik və dəstək bir daha təsdiq edilib.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü
nəticəsində Azərbaycanın ərazilərində İslam tarixi və mədəni
ziyarətgahlarının dağıdılması və təhqir edilməsi” adlı qətnamədə
işğal dövründə Azərbaycan ərazilərindəki İslam tarixi və mədəni
abidələrinin, ziyarətgahlarının dağıdılması, talan edilməsi,
oğurlanması, qanunsuz yerdəyişməsi və ya mənimsənilməsi, eləcə də
bu obyektlərə qarşı vandallıq aktlarının törədilməsi qətiyyətlə
pislənilib, yenicə azad olunmuş ərazilərdə yerləşən Məscidlərin
Ermənistan tərəfindən təhqir olunması şiddətlə qınanılıb. Qətnamədə
Azərbaycanın ona dəymiş zərərə görə təzminat tələb etmək haqqı,
Ermənistanın isə bu təzminatı ödəmək məsuliyyəti təsdiq olunub.

“Azərbaycan Respublikasına iqtisadi yardım” adlı qətnamədə
Azərbaycan ərazilərinin işğaldan azad olunmasının Azərbaycan
ərazisindəki bir milyondan çox məcburi köçkünlərin öz evlərinə
təhlükəsiz və şərəfli qayıdışına və beləliklə də ciddi humanitar
problemlərin aradan qaldırılmasına imkan verəcəyi qeyd olunub. Bu
xüsusda üzv ölkələrə, İslam İnkişaf Bankı və digər İslam
institutlarına işğaldan azad olunmuş torpaqlara məcburi köçkünlərin
geri dönüşünü təmin etmək üçün bu ərazilərin yenidən qurulması və
bərpasında Azərbaycan hökumətinə və xalqına yardım etməyə çağırış
öz əksini tapıb. Burada, habelə bütün beynəlxalq institutlar
Azərbaycanın iqtisadi və sosial inkişaf fəaliyyətini dəstəkləməyə
çağırılıb.

İƏT XİN Şurasının 48-ci iclasında “Xocalı qırğınının qurbanları
ilə həmrəylik” adlı qətnamə 1992-ci ilin fevral ayında Azərbaycanın
Xocalı şəhərində və digər işğal edilmiş ərazilərində Ermənistan
Respublikasının silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki
əhali və hərbi şəxslərə qarşı törədilmiş kütləvi vəhşiliklər qəti
şəkildə pislənilib və üzv dövlətlər münaqişə dövründə Azərbaycanın
Xocalı şəhəri və işğal edilmiş digər ərazilərində törədilmiş
cinayətlərin müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və
soyqırımı kimi yerli və beynəlxalq səviyyədə tanınması
istiqamətində lazımı səy göstərməyə səslənilib. Qətnamədə həmçinin
“Xocalıya ədalət” Beynəlxalq təşviqat kampaniyasının fəaliyyəti
yüksək qiymətləndirilib və üzv dövlətlər kampaniyanı dəstəkləməyə
və onun fəaliyyətində yaxından iştirak etməyə dəvət edilib.

Teqlər: