İƏİT-lə əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb (FOTO)

İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatının (İƏİT) Qlobal Əlaqələr Katibliyinin Avrasiya
şöbəsinin rəhbəri Vilyam Tompsonla görüşüb.

İqtisadiyyat Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazir
ölkəmizdə İƏİT-lə əməkdaşlığa önəm verildiyini, qurumun Avrasiya
Rəqabətlilik Proqramı çərçivəsində faydalı əməkdaşlığı, hər il
Parisdə keçirilən “Avrasiya həftəsi” tədbirində İqtisadiyyat
Nazirliyi tərəfindən iştirakın təmin edildiyini vurğulayıb. Qeyd
olunub ki, Azərbaycanın qeyri-neft iqtisadiyyatının inkişafı və
şaxələndirilməsi məqsədilə həyata keçirilən tədbirlərin icrasında
beynəlxalq təcrübənin tətbiqi baxımından İƏİT-lə tərəfdaşlıq
önəmlidir. Diqqətə çatdırılıb ki, İƏİT-lə kiçik və orta
müəssisələrin inkişafı, rəqəmsallaşmasının təşviqi, vergi sahəsində
şəffaflıq və hesabatlılığın artırılması və digər sahələrdə
əməkdaşlığın inkişafı, həmçinin birgə layihələrin icrası üçün
imkanlar genişdir.

İƏİT-nin Qlobal Əlaqələr Katibliyinin Avrasiya şöbəsinin rəhbəri
Vilyam Tompson təmsil etdiyi təşkilatın Azərbaycanla əlaqələrin
genişlənməsində marağını ifadə edib, birgə təşəbbüslərin və
layihələrin icrasının Azərbaycanda kiçik və orta biznesin
inkişafının təşviqinə töhfə verəcəyini vurğulayıb.

Görüşdə Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Kiçik
Biznes Aktına uyğunluğun, Azərbaycan İnvestisiya Holdinqinin
portfel şirkətlərində korporativ idarəetmənin qiymətləndirilməsi
layihələri, Azərbaycan-İƏİT Əməkdaşlıq Şurasının yaradılması barədə
müzakirələr aparılıb.

Teqlər: