İdman gimnastikası üzrə Azərbaycan birinciliyinə ciddi hazırlaşmışdım – Yarışın qalibi

Xəbər - Cani Babayeva – Trend:

Kişi idman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı
çempionatına ciddi hazırlaşmışdım, ona görə də “qızıl” qazana
bildim.

Bu barədə AzerTimes-a yarışın qızıl medalçısı, “Ocaq Sport” klubunun
yetirməsi Mahir Səlimov deyib.

Xatırladaq ki, M.Səlimov “uşaqlar” yaş kateqoriyasında birinci
yeri tutub.

“Təxminən altı ildir ki, gimnastika ilə məşğulam və bu mənim ilk
yarışım deyil. Etiraf edirəm ki, əvvəllər turnirlərə o qədər də
ciddi yanaşmırdım, amma indi bütün diqqətimi proqramıma
cəmləyirəm”, – idmançı deyib.

Gimnast qeyd edib ki, gələcəkdə böyük beynəlxalq yarışlarda
iştirak etmək istəyir.

“Bilirəm ki, dünya kuboklarında, Avropa və dünya
çempionatlarında iştirak etmək üçün öz üzərində çox çalışmalı,
yaxşı formada olmaq üçün mümkün qədər çox vaxt sərf etməlisən.
Məşqə böyük məmnuniyyətlə gedirəm, ona görə də ümid edirəm ki,
gələcəkdə gimnastikada böyük uğurlar qazanacağam”, – deyə M.Səlimov
bildirib.

Qeyd edək ki, martın 25-26-da Milli Gimnastika Arenasında
keçirilən Qadın idman gimnastikası üzrə 6-cı, Kişi idman
gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı
Çempionatında Ocaq Sport, Bakı Gimnastika Məktəbi, Sumqayıt
Olimpiya İdman Kompleksi, Sumqayıt İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi və Balakəni təmsil edən 69
idmançı qüvvəsini sınayıblar.

Yarışda gimnastlar balacalar (kişilər-2013-2014/qadınlar –
2014-2015), uşaqlar (kişilər – 2011-2012/ qadınlar – 2012-2013),
yeniyetmələr (kişilər – 2009-2010/qadınlar – 2010-2011), gənclər
(kişilər – 2005-2008/qadınlar – 2007-2009), böyüklər (kişilər
2004-cü il təvəllüdlü və daha böyük/ qadınlar 2006-ci il təvəllüdlü
və daha böyük) yaş kateqoriyaları üzrə öz ustalıqlarını nümayiş
etdiriblər.

Teqlər: