Prezident İlham Əliyev Azərbaycan Respublikası İctimai
Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi
göstərilməsi haqqında Sərəncam verib.
Sərəncamda qeyd edilir:
1. 2024-cü ildə Fransanın Paris şəhərində keçiriləcək XXXIII Yay
Olimpiya Oyunlarını yayım hüququnu Azərbaycan Respublikası İctimai
Televiziya və Radio Yayımları Şirkətinin əldə etməsi üçün
Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan
Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları
Şirkətinə 640,0 (altı yüz qırx) min ABŞ dollarının manat
ekvivalentində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.