İcra nümayəndəsi təyin olunmaq üçün 15 min manat verdim – Vilyam Hacıyevin məhkəməsində şahid

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra
başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam
etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə
keçirilən prosesdə icra nümayəndəsi işləyən Əli Qurbanov ifadəsində
təyinat üçün 4 min manat verdiyini deyib.

İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev isə təyinat
üçün heç bir rüşvət vermədiyini, Təhsil Nazirliyinin keçirdiyi
müsabiqədən keçib işə başladığını bildirib. Şahidin hazırkı ifadəsi
ilə istintaq zamanı dedikləri arasında ziddiyyətlər olduğu üçün
əvvəlki ifadəsi elan olunub.

Ə.Quliyev ibtidai istintaqa ifadəsində Vilyam Hacıyevin kadrı
olmadığı üçün sıxışdırıldığını, yalnız baş mühasib Cəmil Musayevə
rüşvət verdikdən sonra vəziyyətin düzəldiyini deyib.

Prosesin davamında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin İmişli rayonu üzrə baş məsləhətçisi Aslan
Abduləzimov bildirib ki, bacısı oğluna məcburi köçkünlər üçün
tikilmiş binadan iki otaqlı ev almaq üçün baş mühasib Cəmil
Musayevə 10 min manat verib.

İmişli Şəhər üzrə sabiq icra nümayəndəsi Cavid Sarıyev isə
təyinat alarkən İcra hakimiyyətinin baş mühasibi Cəmil Musayevə 15
min manat verdiyini bildirib.

“İcra nümayəndəsi təyin olunmaq üçün müraciət etdim. Cəmil
Musayev bildirdi ki, bunun üçün 15 min manat verməliyəm. Mən də
həmin pulu verəndən sonra vəzifəyə təyin olundum”, – deyə şahid
bildirib.

Prosesdə son olaraq beton qarışdırma sexində işləyən Samir
Mirzəyev dindirilib.

Şahidin sözlərinə görə, rayonda tikilən binanın beton işlərinin
onlara verilməsi üçün 3 min manat pul verib:

“Mənə dedilər ki, bu işi götürmək üçün hörmət etməlisən. Həmin
pulu şəhərdə abadlıq işləri adı ilə icra hakimiyyətinə verdim.”

Vilyam Hacıyevin vəkili Elmar Kərimov şahidin ifadəsinə etiraz
edərək rüşvət verdiyini boynuna aldığı səbəbilə məsuliyyətə cəlb
olunmalı olduğunu bildirib. Vilyam Hacıyev məhkəmədə bəzi
şahidlərin ifadəsinə etiraz edib.

Proses aprelin 1-i davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli
miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv
rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə
saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə
ittiham olunur.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra
başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda
mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli
miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci
(qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan
olunub.

Teqlər: