İcra hakimiyyəti Mingəçevirdə ağacların məhv edilməsilə bağlı araşdırmalara başladı

Mingəçevir şəhər İcra Hakimiyyəti şəhər ərazisində ağacların
kütləvi məhv edilməsi ilə bağlı yayılan videogörüntülərlə bağlı
aidiyyəti qurumlara müraciət edib.

İcra hakimiyyətindən AzerTimes-a bildirilib ki, məsələ ilə bağlı
araşdırmalar başlanılıb.

“Sosial şəbəkələrdə şəhər ərazisində sahibkar tərəfindən 100-dən
artıq ağacın gövdəsinin soyularaq qurudulmağa cəhd olunması barədə
yayılan videoçəkiliş barədə araşdırma aparılıb. Şəhər rəhbərliyinin
tapşırığı ilə həmin video ilə bağlı sənədlər hazırlanıb və
məsələnin araşdırılması üçün Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin 8 saylı Ekologiya İdarəsinə təqdim edilib. Hazırda bu
istiqamətdə araşdırmalar davam etdirilir”, – İcra hakimiyyətindən
bildiriblər.

Xatırladaq ki, sosial şəbəkələrdə Mingəçevir şəhərinin Kür
qırağı adlanan ərazidə meşə zolağında yüzdən artıq ağacın
gövdəsinin soyularaq məhv edilməsi ilə bağlı video yayılıb.
Görüntüdə qeyd edilir ki, yaşıllıq zolağına yaxın ərazidə fəaliyyət
göstərən “Şamlıq” kafe-restoranın sahibi həmin ağacları bilərəkdən
qurudaraq restoranın ərazisini genişləndirmək istəyir.

Teqlər: