İcra başçısı qocaman şairi ziyarət etdi – Foto

İcra başçısı qocaman şairi ziyarət etdi – Foto

İsmayıllı rayon icra başçısı Nahid Bağırov filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Yazıcılar Birliyinin üzvü, 83 yaşlı qocaman şair Ağasən Bədəlzadəni yaşadığı Pirəbilqasım kəndində ziyarət edib.

AzerTimes xəbər verir ki, bir neçə ildir ki, yataq xəstəsi olan gözəl şairimiz Ağasən Bədəlzadə minnətdarlıq hissilə bildirib ki, bu ziyarət icra başçısının artıq ikinci səfəridir:

“Dövlətimiz, xalqımız hər zaman öz sənətkarına, şairinə böyük hörmətlə, qayğıyla yanaşıb. Yerli icra strukturları bu mənada dövlətimizin, dövlət başçısının yerlərdəki təmsilçiləridir. Onların biz söz adamlarını bu ağır günümüzdə ziyarət etməsini dövlətimizin bizə olan qayğısı, problemlərimizin həllinə dəstək kimi qiymətləndiririk. Təbii ki, ikinci dəfə bu ziyarətin gerçəkləşməsi, həm də bir gənc icra başçısı kimi Nahid müəllimin də mənəvi dəyərlərə verdiyi qiymətdir, vəzifəsinin mahiyyətinə uyğun davranış tərzidir. Biz söz adamları özümüzə qarşı bu cür münasibəti həm də ölkə başçısının, xalqımızın münasibəti kimi başa düşürük, bu cür gözəl təşəbbüslərdən güc, qüvvət alırıq. Bütün ömrüm boyu yaradıcılığımda tərənnüm etdiyim Vətənim, xalqım məhz bu cür münasibətlərə layiqdir”.

Xatırladaq ki, artıq bir neçə ildir insult keçirmiş şairimiz Ağasən Bədəlzadə öz ata-baba yurdu olan İsmayıllı rayonunun Pirəbilqasım kəndində yaşayır. Ömrünün böyük hissəsini pedoqoji fəaliyyətə həsr etmiş gözəl şairimiz 1980-ci ildən Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasında xarici ədəbiyyatdan mühazirələr oxuyub, 1996-cı ildən Bakı Asiya Universitetinin Ümumi filologiya kafedrasında xarici ədəbiyyatdan dərs deyib.

Pedaqoji fəaliyyətlə yanaşı, gözəl şair kimi tanınan Ağasən Bədəlzadənin bu vaxtadək “Yanmaq ona deyərəm ki…”, “Payızda məhəbbət”, “Hayıf, a dünya səndən”, “Qorxuram bu dünya sevgisiz qala”, “Hələ yaşamağa dəyər dünyada” adlı şeirlər kitabları nəşr olunmuşdur.

2017-ci ildə isə filologiya üzrə fəlsəfə doktoru olan şairin “Yapon ədəbiyyatı tarixi” dərslik kitabı çapdan çıxmışdır. Bu vaxtadək 11 kitabı çıxan şairin sonuncu kitabı “Tarixə düzgün baxış, yoxsa mistik naxış” adlanır.

Allahdan gözəl şairimiz şəfa diləyir, uzun ömür arzulayırıq.

Teqlər: