İcra başçılarına ciddi xəbərdarlıq edildi (FOTO)

Bakı şəhəri ərazisində qanunsuz tikintilərlə bağlı vəziyyət və
bu halların qarşısının alınması məsələləri paytaxt rayonlarının
icra hakimiyyəti başçıları və müvafiq təsərrüfat strukturları
rəhbərlərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Fövqəladə Hallar
Nazirliyinin nümayəndələrinin iştirakı ilə Bakı Şəhər İcra
Hakimiyyətində keçirilən müşavirədə müzakirə edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata
görə müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Eldar Əzizov martın 3-də Prezident İlham Əliyevin çıxışı zamanı
Bakı şəhərində qanunsuz tikintilərlə bağlı tutduğu iradlar və bu
neqativ halların qarşısının alınması ilə bağlı verdiyi tapşırıqlar
barədə məlumat verib. Bildirilib ki, son vaxtlarda rayon İcra
Hakimiyyəti başçılarına qanunsuz tikililərlə mübarizə tədbirlərinin
gücləndirilməsi ilə bağlı dəfələrlə tapşırıqlar verilib, buna
baxmayaraq rayon icra hakimiyyətləri başçıları, onların aparatının
məsul əməkdaşları bu vacib məsələni daimi nəzarətdə saxlamayıb və
nəticədə ərazidə qanunsuz tikintilərin artmasına şərait
yaranıb.

Müşavirədə paytaxt ərazisində aparılan monitorinq zamanı aşkar
edilən qanunsuz tikililər barədə video film nümayiş etdirilib.

Toplantıda paytaxtın hər bir Rayon İcra Hakimiyyəti başçısının
rayon ərazisindəki bütün məsələlərlə bağlı şəxsi məsuliyyət
daşıdıqları vurğulanıb və bildirilib ki, RİH-nin qanunsuz
tikintilərə qarşı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin
Şəhərsalma Nəzarəti şöbəsi ilə birgə fəal əməkdaşlıq
etməlidirlər.

Müşavirədə ərazisində daha çox qanunsuz hallara yol verilmiş
bəzi İcra Hakimiyyəti başçılarına ciddi xəbərdarlıq edilib,
qanunsuz tikinti halların qarşısının alınması ilə bağlı təcili və
təxirəsalınmaz tədbirlərin görülərək bu barədə 2 ay müddətində
hesabat verilməsi tapşırılıb.

Müşavirədə həmçinin yaz mövsümü ilə əlaqədar şəhərdəki park,
istirahət bağları, “Abad məhəllə”lərdə cari təmirlərin aparılması,
ağac və yaşıllıqlara qulluq göstərilməsinə nəzarətin artırılması
ilə bağlı müvafiq tapşırıqlar verilib.

Twitter:@FaridZohrabov

Teqlər: