EY Azərbaycan 2022-ci il “EY İlin İş Adamı” müsabiqəsinin qalibini elan edib

EY Azərbaycan şirkəti böyük məmnuniyyətlə “EY İlin İş Adamı”
mükafatının qalibini elan etdi. Bu mötəbər müsabiqə Azərbaycanın iş
adamları arasında artıq üçüncü ildir ki, keçirilir. Azərbaycan
Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
(KOBİA) tərəfdaşlığı ilə keçirilən müsabiqəyə ABB sponsor dəstəyi
göstərmişdir. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi
Fondu (AZPROMO) və EKVITA konsaltinq şirkəti müsabiqənin
tərəfdaşları sırasındadır.

Müsabiqənin qalibi biznes icmasının, beynəlxalq maliyyə
qurumlarının nümayəndələri və tanınmış şirkət rəhbərlərindən ibarət
müstəqil münsiflər heyəti tərəfindən 9 güclü namizəd arasından
seçilib.

Qalibin adı 10 mart tarixində EY və onun tərəfdaşları tərəfindən
biznes dairələrin liderlərinin də iştirak etdiyi təntənəli
mükafatlandırma mərasimində açıqlanıb.

“EY Azərbaycan” şirkətinin ölkə üzrə idarəedici partnyoru İlqar
Vəliyev deyib: Son iki il Azərbaycanda və
dünyanın digər ölkələrində fəaliyyət göstərən sahibkarlar üçün
olduqca çətin olub. EY-ın ölkəmizdə təşkil etdiyi bu müsabiqənin
məqsədi mövcud maneələri aşaraq yaşanan çətinliklərə baxmayaraq
yollarına davam etməyə qərar vermiş layiqli şəxsiyyətləri
qiymətləndirməkdir. İnanıram ki, bu əzm və dayanıqlıq nümayiş
etdirən insanlar bazarda yaşanan tənəzzülün öhdəsindən uğurla
gələrək digərlərini ruhlandırmağa və bizneslərini inkişaf etdirməyə
davam edəcəklər.”

“EY şirkəti, yaşadıqları və fəaliyyət göstərdikləri icmalar üçün
dəyər yaradan, olduqca maraqlı uğur hekayəsi olan “EY İlin İş Adamı
2022” müsabiqəsinin iştirakçılarını mükafatlandırmaqdan qürur
duyur” – deyə o, əlavə edib.

İştirakçıların müraciətlərini hərtərəfli dəyərləndirdikdən sonra
münsiflər fərqli nominasiyalar üzrə qalibləri seçiblər. Beləliklə,
“İnnovasiyalar” nominasiyasında ATL Tech şirkətinin təsisçisi Rəşad
Mirzəyev, “Sosial təsir” nominasiyasında ZIRA Natural & Gourmet
brendinin sahibi Afət Əhmədova, “Ən yaxşı müştəri həlli”
nominasiyasında isə YIĞIM Ödəniş Sisteminin təsisçisi və direktoru
Vüqar Cəfərov təltif olundular.

Bu ilki müsabiqənin qalibi isə “Sosial təsir” nominasiyasına
layiq görülən ZIRA Natural & Gourmet brendinin təsisçisi Afət
Əhmədova oldu. O, Azərbaycanı “Dünya üzrə İlin İş Adamı”
müsabiqəsinin beynəlxalq mərhələsində təmsil edərək dünyanın ən
yenilikçi və mötəbər iş adamları ilə mübarizə aparacaq. Qalibin adı
açıqlandıqdan sonra Afət Əhmədova fikirləri ilə bölüşüb:
“Səylərimin münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilməsi
məni olduqca qürurlandırır. Gördüyüm işlər inanclarımı və fəlsəfəmi
əks etdirir və bunların dəyərləndirilməyinə çox şadam”.

“Kiçik və orta biznesin dəstəklənməsi Azərbaycanın iqtisadi
inkişafı baxımından əsas prioritetlərdən biridir və bu hədəfə
çatmaq üçün bir sıra mühüm addımlar atılıb. Tərəfdaşlığımızla
ardıcıl olaraq 3-cü dəfə keçirilən “EY İlin İş Adamı” müsabiqəsinin
kiçik və orta sahibkarlığı diqqət mərkəzində saxlamasından olduqca
məmnunuq. Sahibkarların fəallığı və bu müsabiqədə iştiraka maraq
göstərmələri də bizi sevindirir. Müsabiqəni dəstəklədiyi və həyata
keçirdiyi üçün EY Azərbaycan şirkətinə və bütün tərəfdaşlara
təşəkkür edirəm” – deyə Azərbaycan Respublikasının Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan
Məmmədov müsabiqə barəsində fikirlərini bölüşüb.

Mükafatlandırma mərasimində iştirak edən ABB-nin İdarə Heyətinin
sədri Abbas İbrahimov bunları bildirib: “EY İlin İş Adamı”
müsabiqəsinə üçüncü ildir ki, maliyyə tərəfdaşı dəstəyimizdən
məmnunuq. Ölkəmizin aparıcı bankı kimi hər zaman iş adamlarının
yanındayıq. Sərfəli məhsul və xidmətlərimizlə biznesin maliyyə
ehtiyaclarını təmin edirik. Eyni zamanda, maraqlı layihələrimizlə
də sahibkarların biznesinə dəyər qatmağa çalışırıq. “EY İlin İş
Adamı” müsabiqəsi də belə layihələrdəndir. Bu müsabiqə Azərbaycanda
xoş bir ənənəyə çevrilir və ölkəmizdə biznes mədəniyyətinin
inkişafına fayda verir”.

“EY İlin İş Adamı” müsabiqəsi haqqında

EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı”
müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu
işgüzar mükafatlarından biri olan “EY İlin İş Adamı” proqramının
məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq
fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş
etdirməklə başqalarını da ilhamlandırmaqdır. Öz sahəsində ilk
qlobal mükafat proqramı olaraq, “EY İlin İş Adamı” 60-dan çox
ölkənin 145-dən artıq şəhərini əhatə edən regional, milli və qlobal
proqram çərçivəsində uğurlu, inkişaf edən və dinamik biznes quran
sahibkarları üzə çıxarır.