İçərişəhərlə tanışlıq Qırğız Respublikası Prezidentinin xanımında xoş təəssürat doğurub

Ölkəmizdə səfərdə olan Qırğız Respublikası Prezidentinin xanımı
Ayqul Japarova aprelin 20-də İçərişəhərlə tanış olub.

Trend xəbər verir ki, qonağa UNESCO-nun Dünya İrsi Siyahısına
daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin
burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı
məlumat verilib.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Ayqul Japarova
təndir çörəyinə qonaq edilib.

Daha sonra qonaq orta əsr Şərq memarlığının şah əsəri, dünya
əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı
Kompleksi ilə tanış olub. Məlumat verilib ki, XV əsrin əvvəllərində
inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən
birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və
şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu
günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Gəzinti zamanı qonaq “Brilyant əl” bədii filminin məşhur
epizodlarından birinin çəkildiyi küçə ilə də tanış olub.

İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendi qonaqda
böyük maraq doğurub.

Sonra Qız qalası ilə tanış olan qonağa Bakının rəmzlərindən biri
sayılan abidənin tarixi barədə məlumat verilib. Bildirilib ki,
eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə
bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə
silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq
tikilidən ibarətdir. Dünya əhəmiyyətli bu abidənin qorunub
saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün
Prezident İlham Əliyevin tapşırıqları əsasında 2009-2013-cü illərdə
burada konservasiya işləri aparılıb.

İçərişəhərlə tanışlıq qonaqda xoş təəssürat yaradıb.

Teqlər: