Xəbər - Fərid Zöhrabov – Trend:
Prezident İlham Əliyev Əsgər Ələkbərovun “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən
azad edilməsi barədə sərəncam imzalayıb. Dövlət başçısının digər
sərəncamı ilə Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin
edilib.
Trend xəbər verir ki,
Şahin Seyidzadə 15 aprel 1978-ci ildə Bakı şəhərində anadan olub.
1995-ci ildə Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar Liseyi
bitirib.
1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin
bakalavr, 2001-ci ildə magistr pilləsini bitirib, 2006-ci ildə
Azərbaycan Dövlət İqtisad Universitetinin “Menecment” ixtisası üzrə
magistr dərəcəsi alıb.
2007-ci ildə Sosial və İqtisadi elmlər üzrə Moskva Ali
Məktəbinin “Təhsilin təşkili və idarəetməsi” və İngiltərənin
Mançester Universitetinin “Təhsilin təşkili və idarəetməsi
ixtisası” üzrə magistr dərəcəsi alıb.
Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsilin
təşkili və idarəetməsi” üzrə fəlsəfə doktorluğu üzrə
dissertantıdır. İngilis və Rus dillərində sərbəst danışa bilir.
Şahin Seyidzadə 1999-2005-ci illərdə “Milli Debat Mərkəzi”nin
direktoru, 2005-2007-ci illərdə “İnsan Resursları Məktəbi”nin
rəhbəri olub. 2006-2012-cı illərdə bir sıra özəl müəssisələrin
rəhbəri vəzifələrində çalışıb.
2012-2016-cı illərdə Azərbaycan Respublikası Gənclər
Təşkilatları Milli Şurasının sədri, 2012-2017-ci illərdə Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə
Şurasının üzvü olub.
2015-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “SABAH
qrupları”nın İcra Komitəsinin rəhbəri, 2019-cu ildən Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyası “Gənc sahibkarlarla iş komissiyası”nın sədr
müavini, 2019-cu ildən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sosial layihələr” müsabiqəsinin rəhbəri olub.
9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament
seçkilərində 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə VI
çağırış millət vəkili olaraq seçilib. Milli Məclisin Elm və Təhsil,
həmçinin Gənclər və idman komitələrinin, “Ali təhsil haqqında”
Azərbaycan Respublikası Qanunu layihəsinin hazırlanması məqsədi ilə
yaradılmış İşçi Qrupunun, həmçinin Avropa Parlamenti ilə Əməkdaşlıq
Komitəsinin üzvüdür.
Ailəlidir, iki övladı var.
Twitter:@FaridZohrabov