İbrahimə Sumqayıtda “Vəziyyət İbrahim” deyirdilər – Qətl törədən Avropa çempionunun məhkəməsindən

Xəbər - Samir Əli -Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxt ərazisində qətl törətməkdə təqsirləndirilən Muxtarov İbrahim Nadir oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxsin atası Nadir Muxtarov bildirib ki, oğlu Avropa çempionudur.
“Oğlum sərbəst güləş üzrə çempiondur. Mən özüm də məşqçiyəm. Böyükağa 1 nəfərlə gəldi mənim yanıma, məşq eləmək üçün danışmağa. Danişdıq, getdilər. Bir neçə gündən sonra hadisə baş verdi. Mən hadisənin səhəri günü bu barədə polisdən eşitdim. Hadisədən sonra 3 nəfər gəldi, məni apardılar Binəqədiyə, 3 gün saxladılar. Dedilər ki oğlun qətl törədib. 3 gündən sonra buraxdılar.

Mən yas yerinə getmək istəyirdim, buraxmadılar, dedilər olmaz. Maraqlandım, dedilər ki, dava düşüb və mənim oğlum adam bıçaqlayıb. Oğlumu da görə bilmirdim, çıxıb getmişdi Gürcüstana. Bundan qabaq da oğlum adam bıçaqladığı üçün tutulmuşdu. Cəzasını çəkəndən sonra buraxılmışdı. Hadisə törədiləndən 1 gün sonra polislər mənə bu barədə məlumat verib. Ondan sonra oğlumu görə bilmədim”, – deyə N.Muxtarov deyib.

Zərərçəkmiş şəxsin anası bildirib ki, Nadir Muxtarov oğlunu həm istintaqdan, həm də onlardan gizlədib: “Heç olmasa, hadisə barədə və oğlunun harada olmasını deyərdi. Heç nə deməyib bizə. Oğlunu da uzun müddət gizlətdi. O, mənim oğlumu tanıyırdı. Oğlum onun yanında işləyirdi. Amma heç nəyi düz danışmadı. O, bir dəfə mənim qapıma başsağlığına gəlmədi”.

Prosesdə ifadə verən digər şahid Cavanşir Əliyev isə deyib ki, hadisədən əvvəl restoranda olsa da, qətl barədə səhəri gün eşidib.

“Xanımlarla klubda oturmuşdum, yeyib-içirdik. İbrahim də orada idi. O gəldi bizimlə görüşdü, getdi. Mənə dedi ki, istirahətə gəlib. Sonra Sərxan adlı tanışımızla restorandan çıxıb getdi dəniz tərəfə. Biz restorandandan qızlarla çıxanda dedilər ki, nəsə dava olub. Amma qızlarla olduğum üçün oturub taksiyə getdik, maraqlanmadım. İbrahim səhər məni yığdı, xahiş elədi ki, Bərdəyə gedək. Getdik Bərdədən pul götürdük, qayıdanda mənə dedi ki, belə bir hadisə olub, bir nəfər məni söydü, mən də bıçaqladım. Mən təklif elədim ki, get təslim ol. Özüm də getdim təslim oldum. 1 gün sorğu-sual edib buraxdılar. Daha sonra kafedə yanğın törətdiyim üçün həbs edildim”, – deyə şahid bildirib.

Hakim deyib ki, şahid ibtidai istintaqa ifadəsində İbrahimə Sumqayıt şəhərində kriminal aləmin üzvü kimi “Vəziyyət İbrahim” deyildiyini bildirib.

Şahid isə bu barədə məlumatsız olduğunu deyib.

Proses davam edir.

Qeyd edək ki, hadisə 2014-cü ilin avqustun 16-da Bakıda yerləşən gecə klublarının birində qeydə alınıb.

İ.Muxtarov klubda Böyükağa Əliyevi qətlə yetirib. Daha sonra o, istintaqdan yayınıb, “İnterpol” xətti ilə axtarışa verilib və 2021-ci ildə həbs edilib.

İstintaq orqanları tərəfindən İ.Muxtarovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, İ.Muxtarovun kriminal aləmin üzvü olduğu bildirilir. O sərbəst güləş üzrə Avropa və respublika çempionu olub.

Teqlər: