Xəbər - Çingiz Səfərli – Trend:
Azərbaycanda səfərdə olan Beynəlxalq Biznes Forumunun (İBF) Prezidenti Erol Yarar, Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) İdarə Heyətinin sədri Mahmut Asmalı və bir qrup nümayəndə Şəhidlər Xiyabanını ziyarət edib.
AzerTimes-ın məlumatına görə, qonaqlar əvvəlcə 20 Yanvar hadisəsi zamanı şəhid olmuş soydaşlarımızın məzarlarına güllər düzüb, həmçinin Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini yad ediblər.
Daha sonra nümayəndələr Türk Şəhidliyini ziyarət edib, Azərbaycanın ərazi bütövlüyü və Bakının azad olunması uğrunda həlak olmuş Qafqaz İslam Ordusu döyüşçülərinin, 20 Yanvar və Qarabağ şəhidlərinin ruhuna quran oxunub, dualar edilib.
Qeyd edək ki, sabah Bakıda 25-ci Beynəlxalq Biznes Forumu (İBF- İnternational Business Forum) keçiriləcək. Forumda iştirak etmək üçün Türkiyədən 550 iş adamı gəlib. Burada Azərbaycan iqtisadiyyatının perspektivləri, investisiya qoyuluşu və digər məsələlər müzakirə ediləcək.