Xəbər - Humay Ağacanova – Trend:
25-ci Beynəlxalq Biznes Forumunda (IBF) Azərbaycan və Türkiyənin gələcəyini istiqamətləndirəcək investisiya imkanları müzakirə edəcəyik.
AzerTimes-ın məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən 25-ci IBF forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, pandemiya biznesləri yeni bazarlar axtarmağa sövq edir:
“Bu baxımdan IBF Forumunun ölkəmizdə təşkil edilməsi təsadüfi deyil. 500-dən çox iş adamının iştirak etdiyi bu forum ölkəmiz üçün qarşılıqlı faydalı əməkdaşlıq imkanı yaradır. Azərbaycan və Türkiyənin gələcəyini istiqamətləndirəcək investisiya imkanlarını müzakirə edəcəyik”, – deyə agentlik sədri bildirib.
O.Məmmədov qeyd edib ki, hazırda KOBİA tərəfindən azad edilən ərazilərlə bağlı həm yerli, həm xarici biznes layihələri toplanılır.
Qeyd edək ki, bu gün Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumu (IBF- International Business Forum) işə başlayıb.
Tədbirdə bir sıra ölkələrdən iş adamları və dövlət xadimləri iştirak edir.
Tədbirdə iştirak etmək üçün Türkiyədən 550 iş adamı gəlib. Forum zamanı Azərbaycan iqtisadiyyatının inkişaf perspektivləri, investisiyalar və digər məsələlər müzakirə olunur.
IBF-in rəsmi media tərəfdaşları Trend BİA, Day.az və turkic.world media layihəsidir.