Hüseyn Əliyev UFC ilə müqavilə imzalayan ilk azərbaycanlı döyüşçü ola bilər (FOTO)

30 yaşlı azərbaycanlı idman ustası, 13-4 peşəkar döyüş
tarixçəsinə sahib Hüseyn Əliyev Texas ştatının Hyuston şəhərində “Humble Civic Center” arenasında keçirilən “Fury FC 57 – UFC Fight
Pass” yarışmasında gecənin döyüşünə çıxıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, o, 65 kiloqram
çəki dərəcəsində Andres Quintanaya (19-4) qarşı müvəqqəti
çempionluq kəməri uğrunda döyüşün 5 raundunun nəticəsində
hakimlərin yekdilli qərarı ilə (49-46, 49-46, 50-44) qalib elan
edilib.

Qeyd edək ki, Hüseyn Əliyev döyüş öncəsi hazırlığı dünyaca
məşhur “American Kickboxing Academy” (AKA) zalında keçirib.
Hazırlıq müddətində o, Həbib Nurmaqomedov, İslam Maxaçev və digər
MMA ulduzları ilə birgə məşq edib. Döyüş öncəsi “AKA” qurucusu və
baş məşqçisi Xavyer Mendez və MMA ulduzu Həbib Nurmaqomedov Hüseyn
barədə müsbət fikirlər bildiriblər.


Fury FC peşəkar MMA liqasıdır. UFC şirkəti ilə əməkdaşlıq
çərçivəsində turnirin qaliblərinin UFC Fight Pass yolu ilə əsas
liqaya düşmək şansı vardır. Döyüşdən bir gün öncə UFC Fight Pass
şirkəti “Instagram” sosial şəbəkəsində Hüseyn Əliyevi izləməyə
başlayıb. Bu da dünyanın 1 nömrəli MMA döyüş şirkətinin
həmyerlimizə olan yüksək marağını əks etdirir.

Teqlər: