Hulusi Akar rusiyalı və ukraynalı həmkarları ilə telefonla danışıb

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Rusiyalı və
Ukraynalı həmkarları Sergey Şoyqu və Aleksey Reznikovla telefon
danışığı aparıb.

Bu barədə Trend Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat
xidmətinə istinadən xəbər verir.

Rusiyalı həmkarı ilə telefon danışığı zamanı H.Akar Rusiya
limanlarında Türkiyəyə yola düşmək üçün gözləyən mülki gəmilərin
təhlükəsiz şəkildə getməsinə və humanitar təxliyə dəhlizinin
açılmasına dəstək verilməsinin vacibliyini vurğulayıb.

Türkiyəli nazir daha çox insan tələfatının qarşısının alınması
üçün Ukraynada təcili atəşkəsin vacibliyini də vurğulayıb.

O, həmçinin Türkiyənin humanitar yardımın göstərilməsinə hər cür
töhfə verməyə çalışdığını və regionda sülhün təmin olunmasına
bundan sonra da töhfə verməyə hazır olduğunu bir daha
təsdiqləyib.

H.Akar ukraynalı həmkarı ilə danışıqlarda ən qısa zamanda
atəşkəs rejiminin elan edilməsinin və mülki şəxslərin təxliyəsi
üçün humanitar dəhlizlərin açıq saxlanmasının vacibliyini qeyd
edib.

Bundan əlavə, o, Türkiyənin Ukraynaya humanitar yardımın
çatdırılmasına və sülhün bərqərar olmasına töhfə verməyə davam
edəcəyini bir daha vurğulayıb.