Hindistan da qarışdı: fermerlər dəmir yolunu blokladı

Hindistan da qarışdı: fermerlər dəmir yolunu blokladı

Hindistanda bir aya yaxındır etiraz aksiyası keçirən fermerlər ölkənin şimalındakı Haryana və Pəncab əyalətlərində dəmir yolu nəqliyyatını dayandıraraq yeni etiraz aksiyası keçirirlər.

AzerTimes xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.

Etiraz çərçivəsində yüzlərlə fermer bir neçə nöqtədə relslərin üzərinə çıxaraq qatarların hərəkətini pozub. Blokada günorta saatlarında başlayıb və yerli vaxtla saat 16:00-a qədər (Bakı vaxtı ilə 14:30) davam edəcək.

Qeyd edək ki, Hindistanda fermerlər 13 fevralda aksiyaya başlayıb və paytaxta yürüş edib. Lakin Yeni Dehlidən 200 km şimalında dayandırılıb və təhlükəsizlik qüvvələri onlara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib. O vaxtdan bəri hakimiyyətlə bir neçə raund danışıqlar aparılıb və bu, razılığa gətirib çıxarmayıb.

Fermerlər kənd təsərrüfatı məhsulları üçün məqbul minimum alış qiymətini təmin edəcək qanunun qəbulunu, risklərin daha yaxşı idarə edilməsi üçün məhsulun kompleks sığortasının tətbiqini, 60 yaşdan yuxarı bütün fermerlərə və kənd təsərrüfatı işçilərinə ən azı 10 min rupi (120 dollar) məbləğində pensiya təyin edilməsini, borcların azaldılmasını, banklara olan borclarının dövlət tərəfindən ödənilməsini, bəzi vergilərin azaldılmasını tələb edirlər.

Teqlər: